SİYASƏT


Prezident İlham Əliyevin böyük rəmzi məna kəsb edən Naxçıvan səfəri bir çox mühüm məqamlarla yadda qaldı

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan səfəri öz zəngin proqramı ilə yadda qaldı. Dövlətimizin başçısının Naxçıvana 15-ci səfəri həm də böyük rəmzi mənaya malikdir. Çünki ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra ulu öndər Heydər Əliyevin ilk doğum günü qeyd olunurdu. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərin əsas amalı olmuş və prezidentlik fəaliyyəti dövründə bu məqsədlə yorulmadan çalışmışdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, ölkəmiz hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. Lakin Ermənistan kimi işğalçı bir ölkənin sülh və danışıqlarda maraqlı olmaması əsas verirdi ki, hərbi əməliyyatlar hər an qaçılmaz ola bilər. Bunun üçün isə ölkənin güclü müdafiə sistemi və orduya malik olması mütləq idi. Əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulan güclü ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilmiş, Azərbaycan Ordusunun arsenalına ən müasir, yeni texnologiyalara əsaslanmış silah-texnikanın əlavə edilməsi dövlətimizin əsas prioritetlərindən olmuşdur.

Deputatın sözlərinə görə, Naxçıvanın yerləşdiyi coğrafi ərazi və Ermənistanla sərhədlərinin olması muxtar respublikanın müdafiə potensialının möhkəmləndirilməsini zəruri edən səbəblərdən olmuşdur. Bu səbəbdən də ölkəmizin hər bir yerində olduğu kimi Naxçıvanda da Ordumuzun davamlı olaraq gücləndirilməsi, ən müasir, ən son texnologiyaya əsaslanmış hərbi texnika ilə təchiz edilməsi işi diqqət mərkəzində saxlanılmışdır. Heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmış və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Hazırda Naxçıvan Ordusunda olan hərbi texnika ən müasir hərbi texnikalardır ki, bu da bir çox qabaqcıl ölkələrdə olanlardan da üstündür. Çünki bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilən texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında da mövcuddur: “2018-ci ildə həyata keçirilən Günnüt əməliyyatı və Vətən müharibəsində Naxçıvandan olan ordu birləşmələrinin göstərdikləri şücaət Naxçıvanda olan Ordumuzun gücündən xəbər verir. Xüsusilə, Günnüt əməliyyatı nəticəsində əldə edilən yüksəkliklər imkan verdi ki, Azərbaycan Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət etsin və İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanları bir çox informasiyanın əldə edilməsində mühüm amilə çevrildi. Bundan sonra da ölkəmizin hər bir yerində olduğu kimi, Naxçıvanda da ordumuzun gücləndirilməsi, ən müasir silahlarla təchiz edilməsi dövlətimizin, Müzəffər Ali Baş Komandanımızın əsas məqsədlərindən biridir. Prezident İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirakı da bunları deməyə əsas verir”.

Cavid Osmanov vurğulayıb ki, Vətən müharibəsində Naxçıvandan olan ordu birləşmələrinin və xüsusi təyinatlı dəstələrin fəal iştirakı, göstərdikləri igidliklər əldə etdiyimiz parlaq Zəfərə böyük töhfə verib. Eyni zamanda, Naxçıvanda olan ordu birləşmələri ölkə hüdudlarının müdafiə edilməsində mühüm rol oynayır. Bunun üçün də Naxçıvanda olan ordumuzun davamlı olaraq ən müasir hərbi texnika ilə təmin edilməsi, eyni zamanda, hərbçilərimizin döyüş qabiliyyətlərinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir: “Ermənistanın ölkəmizə 90-cı illərin əvvəllərindən başlanan təcavüzü, torpaqlarımızı işğal etmək cəhdləri baş qaldıranda Qarabağ ərazisi kimi Naxçıvan da təhlükə ilə üz-üzə qalmışdı. Ermənistan ölkəmizin ərazilərini işğala məruz qoyduğu zaman Azərbaycanda bir sıra hadisələr - xaos, anarxiya, vətəndaş qarşıdurması, o cümlədən AXC-Müsavat cütlüyünün xəyanəti baş verirdi. Əgər onlar xəyanət etməsəydilər, Ermənistan Azərbaycanın bu qədər torpağını işğala məruz qoya bilməzdi. Onlar öz çirkin niyyətlərinə çatmaq üçün o vaxtlar Naxçıvana rəhbərlik edən Heydər Əliyev amilini ümumilikdə aradan qaldırmaq istəyirdilər və bütün gücləri ilə çalışırdılar ki, xəyanətlərini genişləndirib Naxçıvanı da ermənilərə təhvil versinlər. Bir daha qeyd edirəm, onlar yalnız Heydər Əliyev amilini ortadan götürmək amalı uğrunda mübarizə aparırdılar. Onların xəyanəti nəticəsində, Şuşa, Laçın, Kəlbəcər və digər ərazilərimiz işğal olundu. Beləliklə, xəyanət missiyalarını yerinə yetirərək siyasi hakimiyyətdə qalmalarını təmin etmək üçün ardınca Naxçıvanı da təhvil verməli idilər. Lakin o zaman Naxçıvanın müdafiə olunmasında, düşmənin yerinə oturdulmasında Ulu Öndərin misilsiz xidmətləri olmuş və Vətən müharibəsində əldə etdiyimiz Zəfərin təməli də elə o vaxt Naxçıvanda atılıb”.

Deputat qeyd edib ki, ölkəmizdə həyatın bütün sahələrində uğurlu inkişaf yaşanmaqdadır. İnsanların rahat və firavan həyatının təmin olunması üçün davamlı tədbirlər görülür. Bu işdə milli brendlər olan ASAN və DOST mərkəzlərinin yaradılması müstəsna əhəmiyyətə malikdir ki, bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır. Hazırda Naxçıvan da daxil olmaqla, ölkəmizdə 7 “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Naxçıvana səfəri zamanı Prezident İlham Əliyev “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış olmuş və Naxçıvanda da DOST mərkəzinin yaradılması barədə tapşırıq verib. Bütün bunlar isə vətəndaşların rahatlığı üçün böyük əhəmiyyətə malik olan layihələrdir.

“Ölkəmizin başçısının Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə isə səfərin əsas diqqət çəkən məqamlarından hesab edilir”,- deyən C.Osmanov diqqətə çatdırıb ki, müsahibə zamanı Prezident İlham Əliyev ölkə və dünya gündəmi ilə bağlı bir çox məqamlara aydınlıq gətirərək mühüm mesajlar verdi. Müzəffər Ali Baş Komandan bir daha Ermənistana ciddi xəbərdarlıq edərək qeyd etdi ki, Azərbaycan zərrə qədər təhlükə hiss etsə, yerindəcə həmin qüvvələr məhv ediləcək. Odla oynamaq Ermənistana bundan sonra da xeyir verməyəcək: “Prezident İlham Əliyev Ermənistanda olan siyasi dairələrə, erməni lobbisi, anti-Azərbaycan dairələr, eyni zamanda, bu mövzu üzərindən siyasi manipulyasiyalar etməyə çalışan hər bir şəxsə bir daha bildirdi ki, münaqişə öz həllini tapıb və bu məsələyə qayıtmaq əbəsdir. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur və heç bir status da olmayacaq. Anti-Azərbaycan dairələr, erməni lobbisi və onun təsiri altında olan Kanada və Fransa kimi ölkələr yaxşı olar ki, Azərbaycanın daxili işlərinə qarışmasınlar, öz şəxsi problemləri ilə məşğul olsunlar”.

Deputatın sözlərinə görə, dövlətimizin başçısının müsahibəsində önəmli məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı fikirlərdir. Prezident bir daha bəyan etdi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Zəngəzur dəhlizi Zəngilanı Naxçıvanla ayıran 40 kilometrlik ərazidir. Hazırda Horadiz-Ağbənd dəmir yolunun inşası aparılır, bu dəmir yolunun bərpasından sonra dəmir yolu xətti Ordubad dəmir yolu stansiyası ilə birləşdiriləcək. Bu məsələdə Ermənistanın mövqeyi bir o qədər də önəmli deyil. Çünki Ermənistanın dəmir yolları anlayışı yoxdur. Bu ölkə ərazisində olan dəmir yolları qonşu Rusiyaya məxsusdur və Azərbaycan da bu məsələni daha çox Rusiya ilə müzakirə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.