ELM VƏ TƏHSİL


Prezident İlham Əliyevin bütün fəaliyyəti Azərbaycan xalqının yüksək rifahının təmin edilməsinə yönəlib

Bakı, 11 aprel, AZƏRTAC 

2018-ci il aprel ayının 11-də, yəni bir il öncə keçirilmiş prezident seçkilərində İlham Əliyev seçicilərin 86,02 faizini toplayaraq növbəti 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ötən bir ili səciyyələndirən əsas cəhət ondan ibarət oldu ki, ölkə həyatının bütün sahələrini əhatə edən dərin islahatlar həyata keçirilib.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə söyləyib.

Professor Aytən Mustafazadə deyib: “Hələ 2016-cı ildə ölkə Prezidenti bəyan edib ki, “Biz dərin islahatlar dövrünə qədəm qoyuruq”. Lakin etiraf etmək lazımdır ki, islahatların miqyasının bu dərəcədə genişliyi gözlənilməz oldu. Bu, hər şeydən öncə ondan xəbər verir ki, ümumilikdə, daha ədalətli və davamlı insan inkişafının təmin olunmasında dövlət idarəçiliyinin rolu problemi Prezident İlham Əliyevin daim diqqətindədir. Həyata keçirilən və keçirilməsi nəzərdə tutulan islahatlar, ilk növbədə, Azərbaycan dövlətinin sosial xarakterinin gücləndirilməsinə hesablanıb. Ölkə Prezidenti hər zaman xüsusi olaraq vurğulayır ki, onun bütün fəaliyyəti Azərbaycan xalqının yüksək rifahının təmin edilməsinə yönəlib. Həyata keçirilən islahatların kompleksliliyi bütövlükdə ümumi inkişafı şərtləndirir. Həmçinin bu islahatların ruhunda liberal iqtisadiyyat təfəkkürünün hiss olunması ondan xəbər verir ki, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, çevik sosial müdafiə sisteminin formalaşdırılması ümumi iqtisadi sistemin müasir tələblərə uyğun inkişafının əsasında dayanır. Prezidentin innovativ təşəbbüsləri fərqlənir və bütün sahələrdə inkişafı təmin edəcək islahatların sistemliliyini müəyyənləşdirir”.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru bildirib ki, müasir dünya təcrübəsinə əsasən, səmərəli dövlət idarəçiliyi milli məqsədlərə çatmağın ilkin şərtlərindəndir. Azərbaycan Respublikasında son struktur islahatları ona dəlalət edir ki, tam əhatəli islahatların həyata keçirilməsi dövlət idarəetmə sisteminin daha funksional elementlərlə təkmilləşdirilməsini tələb edir. Bu prosesdə bir sıra yeni dövlət idarəetməsi institutlarının yaradılması, bəzilərinin ləğv olunması ölkənin inkişaf prioritetlərinin tələblərindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, effektiv və ciddi normativ bazaya söykənən bazar iqtisadiyyatı çevik idarəetmənin mövcudluğunu labüd edir. Müvafiq olaraq, yanvar ayının 14-də Prezident İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı imzalanmış fərmanlar ölkəmizin ümumi və davamlı inkişaf dialektikası ilə tam uzlaşır. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində növbəti addımlar üçün normativ baza yaradan bu sənədlər Azərbaycanın dinamik inkişafının yeni mərhələsinə və tələblərinə uyğundur. Müvafiq fərmanlara əsasən həyata keçirilmiş struktur islahatları Azərbaycanın mövcud reallıqları ilə uzlaşır. Belə ki, Azərbaycanın iqtisadi potensialı davamlı olaraq artmaqdadır. Bununla yanaşı, xarici siyasi müstəvidə müşahidə olunan yüksək fəaliyyət dinamizmi müasir və çevik dövlət idarəçiliyi sistemini tələb edir. Nəzərə almaq lazımdır ki, son bir ildə Azərbaycan cəmiyyətində daha dərin pozitiv sosial-iqtisadi dəyişikliklər müşahidə olunub. Prezidentin iradəsi ilə dövlət idarəçiliyi prinsiplərinin bu dəyişikliklərə adekvatlığının təmin olunması üçün ciddi addımlar atılıb. Xatırlatmaq yerinə düşərdi ki, Nazirlər Kabinetinin cari ilin yanvar ayının 11-də keçirilmiş iclasında ölkə rəhbəri genişmiqyaslı struktur islahatlarının anonsunu vermişdir. Az sonra isə İlham Əliyev tərəfindən məlum fərmanların imzalanması göstərdi ki, Azərbaycanda dövlət idarəçiliyi sisteminin müasir dövrün reallıqlarına uyğunlaşdırılması ümumi dövlət siyasətinin strateji trendidir. Çünki səmərəli dövlət idarəçiliyi olmadan ölkənin nə daxili, nə də xarici siyasətinin hədəflərinə çatmaq qeyri-mümkündür.

Aytən Mustafazadə vurğulayıb ki, 2018-ci il 11 aprel seçkilərindən keçən bir il ərazində Azərbaycan ictimaiyyəti bir daha ölkə rəhbərinin bütün istiqamətlərdə fəaliyyətinin əsas məqsədinin Azərbaycan xalqının rifahının yüksəldilməsindən ibarət olduğunu gördü. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, demokratik prinsiplərin daha da inkişaf etdirilməsi dövlət idarəçiliyi ilə xalq arasında kommunikasiyaları əhəmiyyətli dərəcədə inkişaf etdirib. Bu isə dövlət idarəçiliyinin xalqın istək və gözləntilərinə uyğun həyata keçirmək imkanlarını genişləndirir. Ölkədə siyasi kommunikasiyaların inkişafının ən ali səviyyədə diqqət mərkəzində olması dövlət idarəetmə orqanlarından vətəndaş məmnunluğunu xeyli gücləndirib. Dünyanın qabaqcıl təcrübəsi göstərir ki, struktur islahatları inzibati islahatların nüvəsini təşkil edir. Bu baxımdan xüsusi qeyd etmək lazımdır ki, ötən bir il ərzində Azərbaycan Respublikasında həyata keçirilmiş geniş struktur islahatları gələcəkdə milli səviyyədə daha böyük uğurların əldə olunmasının ilkin şərtlərindən birini təşkil edir. Bu islahatların əsas nəzərəçarpan tərəflərindən biri də ondan ibarət oldu ki, fəaliyyətini ölkəmizin müasir inkişaf templəri ilə uyğunlaşdıra bilməyən bir sıra dövlət idarəetmə institutları və oxşar funksiyaları həyata keçirən dövlət orqanları ləğv olundu. Bunlar idarəetmənin optimallaşdırılması yolunda olduqca təsirli addımlardır. Nəzərə almaq lazımdır ki, bu addımlar həm də bürokratiyanın azaldılması, dövlət vəsaitlərinə qənaət edilməsi baxımından olduqca əhəmiyyətlidir. Effektiv idarəetmə mexanizmlərinin yaradılması və dəqiqliklə tətbiq edilməsi vacib sosial layihələrin uğurla həyata keçirilməsi üçün də münbit şəraiti təmin edir.

Professor Aytən Mustafazadə deyib: “Prezident İlham Əliyevin ötən birillik fəaliyyətini səciyyələndirən çoxsaylı mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə sosial ədalətin təmin olunması, vətəndaşların sosial-iqtisadi rifahının yüksəldilməsi istiqamətində kompleks addımlar atılıb. Biz bir daha müşahidə etdik ki, ölkə vətəndaşlarının həyat şəraitinin davamlı olaraq yaxşılaşdırılması, sosial müdafiə sisteminin daha da möhkəmləndirilməsi dövlətin başlıca vəzifələrindəndir. Biz artıq qürur hissi ilə deyə bilərik ki, müasir dünyanın ən effektiv sosial dövlətlərindən biri də Azərbaycandır. Belə ki, Azərbaycanda sosial təhlükəsizlik sistemi tam olaraq formalaşıb və bu sistem kifayət qədər səmərəli fəaliyyət göstərir. Son bir ildə atılmış strateji addımlar sayəsində sosial müdafiə sahəsində səmərəlilik əhəmiyyətli dərəcədə yüksəlib”.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru diqqətə çatdırıb ki, müvafiq istiqamətdə hər il müşahidə olunan əhəmiyyətli irəliləyiş Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir. Yeni mərhələnin əsas prinsipi ondan ibarətdir ki, dövlət bütün vəziyyətlərində öz vətəndaşının yanındadır. Cari ildə Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilmiş müşavirədə ölkə rəhbəri bir daha vurğuladı ki, insanların sosial-iqtisadi rifahının yüksəldilməsi üçün kompleks tədbirlər davamlı olaraq həyata keçirilir. Həqiqətən də, müşahidələr aydın göstərir ki, hər ötən il sosial sahədə daha ciddi keyfiyyət dəyişiklikləri baş verir. Dövlət idarəçiliyinin optimallaşdırılması, dövlət xidmət sektorunun keyfiyyətinin davamlı olaraq yüksəldilməsi ictimai rifahın və məmnunluğun təmin olunmasına hesablanmış təsirli addımlardır. Xatırlatmaq vacibdir ki, hələ ötən il prezident seçkiləri ərəfəsində Prezident İlham Əliyev hazırda böyük dinamikliklə həyata keçirilən islahatların anonsunu vermişdi. Bu anonsa müvafiq olaraq, prezident seçkilərindən sonra qısa zaman kəsiyində sosialyönümlü titanik fəaliyyətə start verdi. Məsələn, prezident seçkilərindən bir həftə sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyü elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı. Təbii ki, sosial xarakterli layihələrin həyata keçirilməsi, öz növbəsində iqtisadi islahatların səmərəliliyinə dəlalət edir. Belə ki, yalnız güclü iqtisadiyyata malik olan ölkələrdə kompleks sosial islahatları həyata keçirmək mümkündür. Deməli, minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eyni zamanda, Azərbaycan iqtisadiyyatının güclü potensialının göstəricisidir. Bütün bunlara əlavə olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev problemli kreditlərlə bağlı Fərman imzalamaqla dünyada analoqu olmayan unikal, eyni zamanda, çox ciddi bir sosial təşəbbüslə çıxış etmiş oldu. 800 min insanı əhatə edən bu Fərmanı imzalamaqla ölkə rəhbəri göstərdi ki, vətəndaşın hər bir probleminə böyük həssaslıq və qayğı ilə yanaşır. Nəzərə almaq lazımdır ki, son illər dünya ölkələrinin əksəriyyəti ciddi devalvasiya ilə qarşılaşıblar. Lakin Azərbaycan çox nadir ölkələrdəndir ki, problemli kredit məsələsində vətəndaşının yanında oldu, müdafiəsini təmin etdi. Bütün bu reallıqlardan çıxış edərək, cəsarətlə demək olar ki, Azərbaycan Respublikası sosial xarakterinə görə dünya dövlətlərinin əksəriyyətini xeyli qabaqlayıb. İstisnasız olaraq, əhalinin bütün qrupları dövlətin sosial siyasətinin obyekti rolunda çıxış edirlər. Prezident seçkilərindən sonrakı qısa zaman kəsiyində həyata keçirilmiş sosial xarakterli fəaliyyət miqyasına və keyfiyyətinə görə əvvəlki illərdən xeyli fərqlənir. Düzgün iqtisadi siyasətin həyata keçirilməsi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi maliyyə resurslarının əhəmiyyətli dərəcədə artmasına imkan yaradıb. Bu resursların sosial layihələrin miqyasının genişləndirilməsinə yönəldilməsi sosial ədalətin etibarlı təmin olunmasının ölkə rəhbərinin birbaşa nəzarəti altında olduğunu sübut edir.

Prezident seçkilərindən ötən bir il ərzində böyük sürətlə həyata keçirilmiş uğurlu sosial və iqtisadi islahatlar, təkmil sosial müdafiə sisteminin daha da gücləndirilməsi, genişmiqyaslı infrastruktur quruculuğunun davam etdirilməsi və s. Azərbaycan dövlətinin beynəlxalq pozitiv imicinin daha da gücləndirilməsini təmin etməklə yanaşı, ölkəmizə olan etimadı əhəmiyyətli dərəcədə artırır. Ölkədə təhlükəsizlik və sabitlik mühitinin davamlı olaraq gücləndirilməsi böyük sərmayələrin cəlb olunması üçün geniş imkanlar açır. Bunun sübutu olaraq, qeyd etmək lazımdır ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan Respublikası dünyanın ən islahatçı ölkəsi kimi göstərilib. Həmin hesabatda ölkəmiz dünyanın 190 dövləti arasında 25-ci yerdə mövqe tutur. Hesabata diqqət yetirməklə, Azərbaycanın postsovet məkanında lider olduğunu müəyyənləşdirmək mümkündür. Bir daha qeyd etmək lazımdır ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu, strateji uzaqgörən fəaliyyətinin nəticəsidir.

Həyata keçirilən çoxvektorlu islahatların mühüm istiqamətlərindən biri də məhkəmə-hüquq sistemi sahəsini əhatə edir. Dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu sahədə də islahatların keyfiyyətcə yeni mərhələyə keçdiyini bir daha təsdiqləyir. Fərman özünün proqram xarakteri ilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının inkişafının müasir səviyyəsi məhkəmə-hüquq sisteminin səmərəliliyinin xeyli artırılmasını tələb edir. Buna uyğun olaraq, ölkə rəhbəri məhkəmə-hüquq sisteminin fəaliyyətində ciddi səmərəliliyə nail olunması məsələsini diqqət mərkəzində saxlayır. Fərman məhkəmə-hüquq sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsinə imkan verəcək kompleks addımların atılması üçün ciddi normativ əsası təqdim edir. Bu baxımdan, Fərman Azərbaycanda məhkəmə-hüquq sistemi işinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün “yol xəritəsi” kimi nəzərdən keçirilə bilər.

Beləliklə, ötən ilin aprel ayında güclü elektoral dəstək alaraq yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev tərəfindən həyata keçirilməsinə başlanılan inqilabi islahatlar ölkənin tamam yeni inkişaf mərhələsinə qədəm qoyduğunu sübut edir. İstisnasız olaraq, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsi ölkənin siyasi və iqtisadi potensialının böyüklüyünün göstəricisidir. Bu potensialın formalaşmasını isə Ulu Öndər tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən müasir reallıqlara uyğun elementlərlə zənginləşdirilərək davam etdirilən unikal inkişaf strategiyası şərtləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.