SİYASƏT


Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar səmərəlilik və ədalətlilik prinsiplərinə əsaslanır

Bakı, 11 aprel, AZƏRTAC 

Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsində apardığı islahatlar və inkişaf siyasəti iki əsas prinsipə əsaslanır. Bunlar səmərəlilik və ədalətlilik prinsipləridir. Belə ki, dövlət idarəçiliyində aparılan məqsədyönlü islahatlar nəticəsində səmərəlilik əldə olunub. Əhalinin rifahının yaxşılaşdırılması ilə də ədalətlilik prinsipi təmin edilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyev deyib.

E.Əliyev xatırladıb ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerə yüksəlib. İnklüziv inkişaf əhalinin bütün təbəqələrinin rifahını yüksəldə bilmək imkanını yaradan, bütün rifah komponentlərini cəmiyyət içərisində ədalətlə bölüşdürən, ölkənin hərtərəfli inkişafını təmin edən prosesidir. İnklüziv inkişaf cəmiyyətin bütün sahələrinin inkişafına bərabər dəyər verir. Eyni zamanda, vətəndaşların iqtisadi imkanlardan istifadə etməsini və bu imkanların əlçatan olmasını təmin etməklə vətəndaşların rifahını yüksəldən inkişaf modelidir. Dövlətimizin başçısı inklüziv inkişafa nail olunması üçün apardığı düzgün sosial siyasət nəticəsində əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin prosesdən kənarda qalma riskini də azaldıb. Belə ki, şəhid ailələri, müharibə veteranları, qaçqınlar, məcburi köçkünlər, əlillər kimi xüsusi sosial qrupların rifahının yüksəldilməsi dövlət siyasətimizin əsas istiqamətlərindəndir. 2019-cu il yanvarın 28-də Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşündə biz bunun bir daha şahidi olduq. Dövlətimizin başçısının şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı Fərmanını da buna misal göstərmək olar. Qəbul edilən inqilabi sosial-iqtisadi qərarlar vətəndaşlarımızın dövlət tərəfindən xüsusi qayğı ilə əhatə edildiyini deməyə əsas verir.

İqtisadiyyatımızın güclənməsi sosial təminat sahələrinin də effektivliyini artırıb. Təhsil, səhiyyə, infrastruktur və digər sahələrdə keyfiyyətin artırılması istiqamətində əhəmiyyətli işlər görülüb və bu fəaliyyət davam etdirilir.

Dövlətimizin başçısının apardığı düşünülmüş siyasət, dövlət idarəetməsində institusional islahatlar, “ASAN xidmət” və DOST agentlikləri kimi dövlət qurumlarının şəffaf fəaliyyəti vətəndaş məmnunluğunun artmasına, eyni zamanda, ölkənin hərtərəfli inkişafına və insanların rifah halının yüksəlməsinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.