SİYASƏT
Prezident İlham Əliyevin mətbuat konfransından alınacaq dərslər

Bakı, 2 mart, AZƏRTAC
Prezident İlham Əliyev daha bir ilkə imza ataraq 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən çox kütləvi informasiya vasitəsinin 50-yə yaxın sualını dörd dildə mükəmməl cavablandırarkən xalqımızı və dövlətimizi qələbəyə gətirən amilləri, mövcud vəziyyəti, daxili və xarici siyasətdə perspektivləri dərin, mənalı və əhatəli izah etməklə zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, mahir diplomatı olduğunu bir daha təsdiq etdi. Mətbuat konfransı bir çox səbəblərdən xüsusilə ibrətamiz idi. Onun Xocalıda törədilən soyqırımı günündə keçirilməsi faktının özünün böyük mənası var idi. Bu konfrans “Xocalıya ədalət!” kampaniyasına yeni bir güc verdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı bildirib.
Deputat deyib ki, mətbuat konfransında Prezidentin cavablarından Azərbaycan və dünya üçün alınacaq dərslər aşağıdakılardan ibarətdir:
Xocalıda törədilənlər Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı qanlı cinayət və soyqırımıdır. Soyqırımı azərbaycanlılara qarşı törədilsə də, Ermənistan bütövlükdə bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib. Soyqırımını törədən hərbi cinayətkarların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Həm Xocalı soyqırımı, həm də İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması erməni faşizminin təzahürləridir. Xocalı soyqırımı heç vaxt unudulmamalı, belə faciələr bir daha təkrarlanmamalıdır.
Müharibədə Azərbaycanın hədəfi ərazi bütövlüyünün bərpa edilməsi idi və buna da nail oldu. Şəhidlərin qanı yerdə qalmadı və düşməndən intiqam döyüş meydanında alındı. İlk növbədə, azad edilmiş torpaqlar dirçəldiləcək, vətəndaşlar qayıdacaq və “ağıllı kənd” layihəsi həyata keçiriləcək. Ermənistanın Azərbaycana vurduğu ziyanın hesablanması və müvafiq addımların atılması üçün zəruri işlər görülür.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll edib. Status məsələsi nə qədər az dilə gətirilərsə, Ermənistan və erməni xalqı üçün o qədər də yaxşı olar. Azərbaycanın erməni xalqı ilə işi yoxdur. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir.
Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir, əks təqdirdə Ermənistan daha da ağır vəziyyətə düşəcək. Ermənilər yaxşı başa düşməlidirlər ki, hansısa “Arsax” adlı bir dövlət yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bu sərsəm ideyaları bir kənara atıb Azərbaycan vətəndaşları kimi normal yaşamaq lazımdır. İrəvanda yenidən hakimiyyətə gəlməyə çalışanlar hərbi canilərdir.
Azərbaycan davamlı sülh və regional əməkdaşlıq istədiyi üçün hər hansı revanşizm və qisasçılıq cəhdləri olmamalıdır. Əgər belə cəhdlər baş verərsə, onda “dəmir yumruq” yenidən işə düşəcək. Regionun gələcəyi qarşıdurmada deyil, qarşılıqlı faydalı əməkdaşlıqdadır. Füzulidə hava limanı ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolunun tikintisi həmin məqsədə xidmət edir. Azərbaycanın xüsusi təyinatlı qoşunları həmin yollardan biri ilə meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə getdikləri üçün Prezident İlham Əliyev ona “Qələbə yolu” adı verib. Yəni, bundan sonra bütün yollar Azərbaycanı yalnız uğurlara, qələbəyə aparacaq. Nisbətən aran ərazidən keçən digər yol aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçın və Zəngilanda da aeroportlar tikmək planlaşdırılır. Bu aeroportlar Azərbaycanın gücünü daha da artıracaq. Ermənistan ərazisindən keçməklə Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası, həmçinin Türkiyə, eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılacaq. Mühüm nəqliyyat-kommunikasiya mərkəzinə çevriləcək Azərbaycanın dünya siyasətində mövqeləri daha da möhkəmlənəcək.
Azərbaycan, Ermənistan və Rusiya arasında baş nazirlərin müavinləri səviyyəsində danışıqlar aparılır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən Cənubi Qafqazda müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Ortaq Monitorinq Mərkəzinin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Türkiyə müharibənin ilk günlərindən sülhə, sabitliyə hesablanmış davranış göstərərək Azərbaycanın haqq işini müdafiə edib və əməkdaşlıq bundan sonra da davam edəcək. Türkiyənin mövqeyi təkcə qardaşlıq bağları ilə deyil, beynəlxalq hüquq normalarına ciddi riayət edilməsi istəkləri, haqq və ədalətin yanında olması ilə əlaqədardır. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dövləti uğurlu əməkdaşlığın nümunəsidir. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Azərbaycan Respublikası əməkdaşlığa açıq ölkədir. Ermənistan yeganə ölkədir ki, onun belə bir əməkdaşlıq formatı mövcud deyil. Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsə ancaq zəifləyəcək. Çünki Ermənistanın bərpa üçün imkanları və potensialı yoxdur, hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdısa, elə də yaşayacaq. Azərbaycan hərbi əsirlərin hamısını Ermənistana qaytarıb, birgə Bəyanatdan sonra Azərbaycan ərazisində tutulanlar isə terrorçulardır. Azərbaycan dövləti bundan sonra da terrorçulara və terrorçuluğa qarşı amansız olacaq.
Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinin sözü və əməli eyni dəyərə malikdir. Azərbaycan dövləti bütün dini abidələri qoruyur və bərpa edir. Ermənistanın məscidlərə münasibəti bütün müsəlman aləminə qarşı təhqirdir. Azərbaycan dövləti ilə təzyiq dilində danışmaq cəhdləri boşa çıxacaq, onunla yalnız bərabərhüquqlu əməkdaşlıq etmək olar.
Prezident İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin gələcəyinə dair aydın strateji baxışı və planları var. Ümumi plan çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq və yeni nailiyyətlər, uğurlar da olacaq. Bütün yollar Azərbaycan dövləti və xalqını yalnız qələbəyə aparacaq".