CƏMİYYƏT
Prezident İlham Əliyevin müraciətində yer alan fikirlər Azərbaycan təhsilinin prioritet istiqamətlərini müəyyənləşdirir
Bakı, 15 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində yer alan fikirlər Azərbaycan təhsilinin prioritet istiqamətlərini müəyyənləşdirir, gələcəyin azərbaycanlısının - əsl vətəndaşının – şəxsiyyətin formalaşması prosesinin sərhədlərini dəqiq şəkildə ifadə edir.
Bu fikirləri AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Ekspert deyib: “Prezident çox haqlı olaraq qeyd edir ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Bilik, yüksək intellekt, müasir texnologiyaların mənimsənilməsi müasir dövrdə mühüm əhəmiyyətə malikdir. Amma bütün bu keyfiyyətlərin təməlində milli ruh, Vətənə sevgi dayanmırsa, o zaman ən yüksək zəka belə özgə əllərdə alətə, öz xalqına, dövlətinə qarşı tuşlanan silaha çevrilir, yaradıcılıq qayəsini dağıdıcılıq əvəz edir.
Məhz bu baxımdan, vətənpərvərlik ruhu, ənənəvi Azərbaycan dəyərlərinə sadiqlik gənc nəslin tərbiyəsində müstəsna əhəmiyyətə malikdir. Hər bir xalqı, milləti ayrı-ayrı fərdlər təşkil edir. Əgər bu fərdlər mənsub olduqları xalqın min illərin sınağından keçərək bu günümüzə gəlib çatan dəyərlərinin daşıyıcısı olmurlarsa, fərd olaraq öz identikliklərini itirirlər. Bu isə öz növbəsində, xalqın, millətin qan yaddaşının pozulmasına, özünəməxsusluğunun itirilməsinə, yad mədəniyyətlərin təsiri altında öz milli varlığından uzaqlaşmasına gətirib çıxarır.
Bu gün təhsil sisteminin, müəllimlərin ən ümdə vəzifələrindən biri də uşaqlarımıza, gənclərimizə yüksək təhsil verməklə yanaşı, onların əsl Azərbaycan vətəndaşı kimi, şəxsiyyət olaraq formalaşmasına nail olmaqdır.
Müasir informasiya və kommunikasiya texnologiyalarının inkişafı bütün milli dövlətləri, o cümlədən Azərbaycan Respublikasını ciddi çağırışlar qarşısında qoyur. Müxtəlif ideologiyalar arxasında pərdələnmiş xarici maraqlar hər gün üzərimizə hücum çəkir, bizi öz köklərimizdən uzaqlaşdırmağa, hər qəlibə uyğunlaşdırılması mümkün olan kütləyə çevirməyə çalışırlar. Belə bir şəraitdə Azərbaycan Prezidentinin təhsil sisteminin qarşısında qoyduğu vəzifələr milli immun sistemimizin gücləndirilməsi üçün yeganə çıxış yoludur.
Prezident İlham Əliyev deyir: Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək”.
Məhz bu baxımdan, dövlət müstəqilliyimizin qorunması, inkişaf yolunun davam etdirilməsi bizim bu gün formalaşdırdığımız şəxsiyyətlərdən, həqiqəti yalandan, elmi, müasir texnologiyanı assimilyasiya alətindən seçməyi bacaran, yalnız və yalnız bu torpağa bağlı olan vətəndaşlardan asılıdır”.