Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən gənclər şanlı Zəfər bayrağını dalğalandırdılar VİDEO
AzerTAg.az

Yevlax, 2 fevral, AZƏRTAC
Yevlaxda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara sağlam və xoşbəxt gələcək arzu edib.
Bildirilib ki, bu gün qeyd etdiyimiz Gənclər Günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin 1997-ci il 2 fevral tarixli Sərəncamı ilə 2 Fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Əvvəlki dövrün gəncliyi də, xüsusən 90-cı illərin əvvəllərinin gəncliyi də çox vətənpərvər, fədakar, dövlətinə və xalqına sıx bağlı insanlar idi. Onlar Vətən yolunda düşünmədən qəhrəmancasına ölümə doğru gedirdilər. Amma onların potensialını realizə edən, onlara düzgün yol göstərən, onların gücündən sui-istifadə etməyən rəhbər, lider yox idi. Bu rəhbərsizlik, lidersizlik problemi o dövrün gəncliyini ümidsizliyə məhkum etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşü ilə başlayan Qurtuluş missiyası Azərbaycan gəncliyinin taleyində də inqilabi dönüş yaratdı. Gənclərimiz müdrik Liderinin sayəsində həm himayədar və qayğıkeşini tapdı, həm də ona düzgün yol göstərən, onu ümidsizlikdən xilas edən bir şəxsiyyət gördü.
Diqqətə çatdırılıb ki, bugünkü Azərbaycan gəncləri Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişib və məhz onlar Qarabağda, Şərqi Zəngəzurda şanlı Zəfər bayrağını dalğalandırıblar. Dövlət başçımızın davamlı qayğısı, himayəsi nəticəsində bu gün Azərbaycan gənclərinin səsi dünya miqyasında aydın eşidilir. Dünyanın ən yüksək səviyyəli təhsil müəssisələrindən beynəlxalq idman yarışlarına qədər hər yerdə azərbaycanlı gənclərin adı səslənir.
Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan işlər Ulu Öndərin irsinə ehtiramı daha da artırır, onun əbədiyaşarlığını təmin edir. Xalqımızın böyük ümid mənbəyinə, dayağına çevrilən Heydər Əliyev Fondunun timsalında Ulu Öndər bu gün də yaşayır, sabah da yaşayacaq, Azərbaycan durduqca var olacaq!
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev mənalı və şərəfli ömrünü Azərbaycan xalqının və ölkəmizin maraqları naminə həsr edən dahi Heydər Əliyevin müdrik və praqmatik siyasətindən, Ulu Öndərin əvəzsiz tarixi xidmətləri çərçivəsində Azərbaycan gəncliyinə verdiyi böyük töhfədən geniş və məzmunlu söhbət açıb. Bildirib ki, bu gün Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirir. Dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri məhz gənclərə göstərilən xüsusi diqqət və qayğıdır.
Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Vətən müharibəsi veteranı Hikmət Kazımlı müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu, müasir gəncliyin ölkəmizin hərtərəfli inkişafına öz nümunəvi fəaliyyətləri ilə əvəzsiz töhfə verdiyini diqqətə çatdırıb, bu əlamətdar gün münasibəti ilə bir araya gəlmiş yevlaxlı gənclərə təbriklərini çatdırıblar.
Tədbirdə Azərbaycan Gəncləri Gününə həsr olunan videoçarx nümayiş etdirilib. Sonra Yevlaxın təhsil, mədəniyyət, səhiyyə, rabitə, idman, bütövlükdə ictimai-siyasi həyatında yaradıcılığı və yüksək fəallığı ilə seçilən bir qrup gəncə şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr verilib.
Xəbərin mətnində orfoqrafik səhv var