CƏMİYYƏT
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub
Bakı, 10 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda onlayn konfrans keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək Ulu Öndərin gənclər üçün miras qoyduğu dövlətçilik ənənələrindən bəhs ediblər. Çıxış edənlər dövlət gənclər siyasətinin Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdən başlayaraq hər zaman aparıcı istiqamətlərdən biri olduğunu vurğulayıblar.
Bildirilib ki, Ümummilli Liderin həyata keçirdiyi siyasət ölkə gənclərinin mənəvi-əxlaqi tərbiyəsinin, vətənpərvərlik ruhunun gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və dərin elmi potensialının yaradılmasına xidmət edib. Ulu öndər Heydər Əliyevin hər zaman gənclərə böyük qayğı ilə yanaşaraq, onların problemlərinin həll edilməsini daim diqqət mərkəzində saxladığı xüsusi olaraq vurğulanıb.
Gənclər və idman idarələrinin, Gənclər evlərinin, Gənclərin Karyera və İnkişaf mərkəzlərinin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri və ictimai fəal gənclər olmaqla ümumilikdə 1000-ə yaxın gənc konfransı onlayn formada izləyib.
Tədbirdə gənclər də fikirlərini bildirərək Ümummilli Liderin “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” sözlərinin gənclərimizin devizinə çevrilməsindən və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasından, gənclərin sosial rifahının yaxşılaşması istiqamətində görülmüş və davam edən böyük miqyaslı işlərdən danışıblar.
Konfrans ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş qısa filmin təqdimatı ilə yekunlaşıb.