SİYASƏT


Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda islahatlar davam etdiriləcək

Bakı, 28 iyun, AZƏRTAC

Dünyada mövcud olan geosiyasi vəziyyətə, o cümlədən regionumuzun tarixinə nəzərə salsaq, daim hərbi münaqişələrin olması, 30 ilə yaxın torpaqlarımızın işğal altında qalması günümüzdə təhlükəsizliyin təmin edilməsi üçün müasir ordu quruculuğunun nə qədər strateji əhəmiyyət daşıdığını bir daha sübut edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar nəticəsində ordumuzun sahib olduğu özünümüdafiə gücü, əgər torpaqlarımıza hər hansı bir hərbi təhdid olarsa, Azərbaycanın beynəlxalq hüquqla ona tanınan özünümüdafiə hüququndan tam istifadə etmək, özünü müdafiə edə bilmək iqtidarında olduğunu bütün dünyaya göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O qeyd edib ki, Azərbaycanda müasir ordu quruculuğu prosesi məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlayıb: “1990-cı illərin əvvəllərində xüsusilə AXCP-Müsavat hökumətinin apardığı yarıtmaz ordu quruculuğu siyasəti təəssüf ki, silahlı birləşmələrimizdə pərakəndə, dağınıq vəziyyətin, özbaşınalığın yaranmasına səbəb olmuş və bu fürsətdən istifadə edən Ermənistan hökuməti torpaqlarımızı işğal etmişdi. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, müharibəni dayandırmış, daha böyük ərazi itkisinin qarşısını ala bilmiş və Azərbaycanda müasir ordu quruculuğunun təməlini qoymuşdur. İlk dəfə Əlahiddə Azərbaycan Korpusunun yaradılması, hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması məhz Heydər Əliyevin təşəbbüsü ilə mümkün olmuşdur. İlham Əliyev prezident seçildikdən sonra ordu quruculuğu prosesi yeni mərhələyə daxil olmuş, Azərbaycanın öz müdafiə sənayesi yaradılmış, tərəfdaş ölkələrlə, xüsusilə Türkiyə və İsrail ilə hərbi əməkdaşlıq nəticəsində ordumuz ən müasir silahlarla təchiz edilmiş, böyük şəhərlərimizin təhlükəsizliyi ən müasir hava hücumundan müdafiə sistemləri ilə təmin edilmiş, hərbçilərimiz müasir təcrübələrə yiyələnmiş, böyük səbirlə və uzun müddət davam edən ordu quruculuğu siyasəti nəticəsində, silahlı birləşmələrimiz ən müasir hərbi texnologiyadan istifadə etməklə bütün dünyaya səs salacaq şəkildə, minimum itki ilə 30 il davam edən işğala son qoymuşdur”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan regionda özünümüdafiə qabiliyyəti ən yüksək səviyyədə olan silahlı qüvvələrə malikdir və bunun başlıca səbəbi məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir: “44 günlük müharibədən sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda islahatlar davam etdiriləcək və daha da və güclənəcək. Milli Müdafiə Universitetinin yaradılması, Komanda briqadalarının sayının artırılması, müasir silah sənayesinin inkişafı ilə Azərbaycan gələcəkdə ola biləcək hərbi təhdidlərə qarşı bir “Dəmir yumruq” kimi birləşməklə beynəlxalq hüquqla qorunan özünümüdafiə hüququndan istifadə edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.