ELM VƏ TƏHSİL


Prezident İlham Əliyevin rəhbərliyi ilə son bir il Azərbaycan tarixinə uğur və sosial rifah ili kimi daxil olub

Bakı, 11 aprel, AZƏRTAC 

Aprelin 11-də Prezident İlham Əliyevin ölkəmizin ali kürsüsünə yenidən seçilməyinin 1 ili tamam olur. Dünyada bir çox siyasi, ictimai, iqtisadi, hərbi hadisələrlə, qlobal kataklizmlərlə, sarsıntılarla yadda qalan ötən bir ildə ölkəmiz nəinki sabitliyi, əmin-amanlığı qoruyub saxladı, həyatın bütün sahələrində irəliyə doğru inamlı addımlar ataraq, bir çox uğurlar qazandı, inkişafının yeni mərhələsinə qədəm qoydu.

Qazandığımız ən böyük nailiyyət, heç şübhəsiz, böyük cəhdlər bahasına əldə olunmuş siyasi, ictimai, iqtisadi sabitliyin qorunub saxlanılmasıdır. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi o kəsdir ki, cəmiyyətdəki stabilliyi qorumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar aparmağı bacarır. Möhtərəm Prezidentimiz bu illər ərzində məhz belə bir müdriklik nümayiş etdirmişdir. “Dövlət yaxşı yaşamaq üçün yaradılır” konsepsiyası Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti üçün tamamilə xarakterikdir. Ölkə rəhbərinin apardığı ümumi siyasət daim bu olub: Azərbaycanın ümummilli mənafelərini istənilən səviyyədə müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın və ölkənin təhlükəsizliyini təmin etmək. Hesab edirəm ki, o, bütün hallarda öz istəyinə nail olmuşdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, 2018-ci il aprelin 11-də alternativ əsaslarla və demokratik seçki mühitində keçirilən prezident seçkilərində qədirbilən Azərbaycan xalqı bir daha öz müdrik seçimini etdi, İlham Əliyevə səs verməklə, etimad göstərməklə, onu növbəti 7 il müddətinə yenidən seçdi. Azərbaycan seçicilərinin tam mütləq əksəriyyəti - 3 milyon 397 min 664 nəfəri, yəni, 86,03 faizi İlham Əliyevə səs verərək, dövlət başçısına daha 7 illik müddətinə prezidentlik mandatı verdi. Bundan cəmi bir həftə sonra - aprelin 18-də dövlət başçısı Milli Məclisdə təşkil edilən andiçmə mərasimi ilə özünün yeni prezidentlik mərhələsinə qədəm qoydu. Andiçmə mərasimindəki çıxışında bir daha ona göstərilən yüksək etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən dövlət başçısı sonra bunları dedi: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.

Prezident seçkiləri və hökumətin tam tərkibdə formalaşdırılmasından sonra ölkə həyatında əvvəlki illərdə böyük vüsət almış möhtəşəm quruculuq işləri davam etdirildi. Makroiqtisadi infrastruktur daha da təkmilləşdirildi, strateji yol xəritəsi ardıcıllıqla icra edildi, iqtisadiyyatın şaxələndirilməsi, yeni-yeni istehsal sahələrinin yaradılması davam etdirildi. Prezidentimiz 22 rayona 27 səfər etdi, 93 yeni obyektin açılışında iştirak etdi. Nəinki bölgənin, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayacaq bir sıra uğurlara imza atıldı. Daha doğrusu, AXC-nin 100-cü ildönümünün səhəri günü - mayın 29-da Səngəçal terminalında Azərbaycan Prezidentinin iştirakı ilə Cənub Qaz Dəhlizinin tarixi rəsmi açılış mərasimi keçirildi və bununla da Azərbaycanın dünyanın enerji təhlükəsizliyi təminatında böyük rolu bir daha təsbit olundu.

Gövhər Baxşəliyeva qeyd edib ki, bundan cəmi 14 gün sonra, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində bir neçə dövlət başçısının iştirakı ilə “ikinci qan damarı” adlandırılan TANAP-ın rəsmi açılış mərasimi keçirildi. Prezident İlham Əliyev mərasimdəki nitqində bunu böyük tarixi hadisə adlandıraraq, “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz XXI əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”, - deyə bəyan etdi, Azərbaycan-Türkiyə qardaşlığının dönməzliyinə bir daha xüsusi diqqət çəkdi...

Bu tarixi hadisənin üstündən də cəmi iki ay keçəndən sonra - avqustun 12-də ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin və yorulmaz fəaliyyətləri nəticəsində 1996-cı ildən davam edən 22 illik Xəzər müzakirələri, danışıqları öz müsbət sonluğu ilə nəticələndi. Həmin gün - 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı 5 dövlətin başçısının iştirakı ilə tarixi Aktau Konvensiyasına imza atıldı ki, bununla da Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi mümkün oldu, birdəfəlik həll edildi. Qeyd etmək lazımdır ki, tarixi Aktau anlaşması məhz Azərbaycan dövlətinin, ölkə rəhbərinin yeritdiyi son dərəcədə təmkinli, səbirli, balanslaşdırılmış siyasət nəticəsində baş tutdu və Azərbaycan bununla daha bir uğuruna imza atdı...

Bununla bərabər, oktyabrın 19-da Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olaraq, birgə səylərlə reallaşdırılan və nəinki iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun inkişafına böyük töhfəsi olacaq “STAR” neft emalı zavodunun açılış mərasimi keçirildi. Açılış mərasimində hər iki ölkənin lideri iştirak və çıxış etdi. Azərbaycan Prezidenti bildirdi ki, bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür: “Biz “Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq”. Bu, bir daha onu göstərdi ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır.

Bu yerdə qeyd etmək lazımdır ki, Azərbaycanın 28-ci ilinə qədəm qoyduğu ikinci müstəqilliyi də asan başa gəlməyib, bir çox ağrılı-acılı hadisələrdən keçib. Bu illər ərzində Azərbaycanın müstəqilliyini, inkişafını həzm və qəbul edə bilməyən qüvvələr, yəni koordinasiyalı şəkildə fəaliyyət göstərən antiazərbaycan qüvvələri Azərbaycan əleyhinə fəaliyyətlərini daim açıq və gizli şəkildə davam etdiriblər. Hər dəfə də layiqli cavablarını almalarına, bütün cəhdlərinin uğursuzluğa düçar edilməsinə baxmayaraq, həmin qüvvələr öz məkrli və çirkin niyyətlərindən əl çəkməyiblər.

Bildirilib ki, ötən il iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İES-də enerji sisteminin qəfil və gözlənilmədən sıradan çıxması ilə ölkədə yaranan müvəqqəti və ani boşluqdan sui-istifadə etməyə çalışan antiazərbaycan qüvvələr bu dəfə ölkədə dini zəmində qarşıdurma yaratmağa cəhd göstərdilər. Konkret olaraq, Azərbaycanın Gəncə şəhərində radikal-ekstremist qüvvələr xaricdən aldıqları təlimatlar əsasında iğtişaşlar törətmək, qan tökmək və beləliklə də ölkədə yenidən (müstəqilliyimizin, 90-cı illərin əvvəllərində olduğu kimi) xaos və anarxiya yaratmaq cəhdlərində oldular. Ancaq Prezident İlham Əliyevin xalqla vəhdəti, birliyi sayəsində Azərbaycanı yenidən qarışdırmaq istəyən dağıdıcı qüvvələrin niyyətləri baş tutmadı, onlara sarsıdıcı zərbə vuruldu. İyulun 3-də və 10-da Gəncədə baş vermiş hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının iştirakı ilə iyulun 13-də keçirdiyi müşavirədə isə dövlət başçısı bir daha öz sarsılmaz iradəsi ilə Azərbaycanın daxili və xarici düşmənlərinə kəskin mesajlarını göndərdi. Prezident çıxışında qeyd etdi ki, cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Ölkə rəhbəri “Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənali olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi. Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq”, - deyərək və bir daha yaxın keçmişə qayıdaraq xatırlatdı ki, müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar, o cümlədən silahlı təxribat, terror aktları törədilib, dövlət çevrilişinə cəhdlər göstərilib. “Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz... Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq...” - deyə, dövlət başçısı sonra vurğuladı...

Eyni zamanda, iyulun 10-dan 11-nə keçən gecə Azərbaycan Prezidentinin Brüsselə növbəti səfəri oldu və bu, siyasi tariximizə “Brüssel zəfəri” kimi düşdü. Həmin səfər zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında böyük uğura imza atmaqla yanaşı, Ermənistanın siyasi-diplomatik təcridi istiqamətində böyük qələbə əldə edildi. Birincisi, tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədin paraflanması oldu. İkincisi, NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommunikedə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı xüsusi olaraq qeyd edildi. Ümumiyyətlə, Brüsseldə diqqətçəkən məsələlərdən biri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Məlum olduğu kimi, Ermənistanda baş verən aprel hadisələrindən, hakimiyyət dəyişikliyindən, hərbi-xunta rejiminin populist Paşinyan iqtidarı ilə əvəzlənməsindən sonra yeni baş nazir tərəfindən avantürist fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təqdim olunması məsələsi gündəmə gətirilirdi. Ancaq bu mötəbər toplantıda dünya siyasətini müəyyənləşdirən, onun keyfiyyətini, istiqamətlərini təyin edən beynəlxalq təşkilatların mövqeyi bir daha ölkəmizin lehinə oldu. Yəni, NATO-nun qəbul etdiyi kommunikeni, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənədi buna misal göstərmək olar. Bu, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik qələbəsi, uğuru idi.

Ötən il, həmçinin Azərbaycanın dünyanın ən nüfuzlu ölkələri, o cümlədən Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Belarus və digər dövlətlərlə münasibətlərində yeni keyfiyyət mərhələsinə qədəm qoyuldu. Ölkə başçısının cəmi bir necə ay ərzində, aprel-sentyabr ayları arasında Böyük Britaniya və Fransaya səfərləri, eləcə də İtaliya və Almaniya liderlərinin Azərbaycana yüksək səviyyəli səfərləri, həmçinin il ərzində Rusiya Prezidenti Vladimir Putinlə 8 dəfə Azərbaycanda, Rusiyada və digər məkanlarda bir araya gəlməsi, hər iki ölkənin maraqlarına xidmət edən sazişlərə imza atılması və digər hadisələr Azərbaycanın etibarlı tərəfdaş kimi dünyadakı yerini bir daha təsdiqlədi, eyni zamanda, Ermənistanın təcridi siyasətində böyük rola malik oldu. Dünya Azərbaycandan daha çox onun özünün Azərbaycana ehtiyacı olduğunu bir daha gözlər önünə sərdi...

G.Baxşəliyeva deyib: “Ötən bir ildə görülən böyük işlər sırasında 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çərçivəsində bir sıra təntənəli mərasimlərin keçirilməsini qeyd etmək istərdim. Mayın 28-də Cümhuriyyətin 100 illiyi böyük təntənə ilə qeyd edildi. “Azərbaycan Xalq Cümhuriyyəti İli” əsnasında iyunun 26-da Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi təntənəli şəkildə və möhtəşəm hərbi parad təşkil olunmaqla qeyd edildi. Azərbaycan Ordusunun 100 illiyinə ən böyük töhfə isə Naxçıvanın Günnüt kəndinin erməni işğalından azad edilməsi, Ermənistana 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, böyük sarsıdıcı zərbə endirilməsi oldu. Belə ki, 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər 26 ildən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən azad edildi. Bu əməliyyat nəticəsində, ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad olundu. Hərbi paradda çıxışı zamanı Ali Baş Komandan bu tarixi hadisəyə toxunaraq, “Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”, - deyə vurğuladı. Bununla yanaşı, sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə yüksək səviyyədə qeyd olundu. Həmin gün Bakıda möhtəşəm parad təşkil edilməklə, bir daha Azərbaycanın dünyaya nə qədər güclü və qüdrətli dövlət olduğu nümayiş etdirildi. Həmçinin Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyi, sarsılmazlığı növbəti dəfə bəyan edilmiş oldu. Bunu hər iki ölkənin liderləri öz çıxışlarında bir daha dilə gətirdilər.

Sentyabr ayının 21-də isə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində müsəlman Şərqində ilk dəfə yaradılan parlamentin – AXC Parlamentinin 100 illiyi Milli Məclisin xüsusi və təntənəli iclası ilə qeyd olundu. Dünyanın 50-yə yaxın ölkəsinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların parlament nümayəndə heyətlərinin iştirakı ilə AXC Parlamentinin 100 yaşı ən yüksək səviyyədə qeyd edildi. Həmin tədbirdə çıxışı zamanı bir daha AXC-ni, Azərbaycan Parlamentini tarixi hadisə adlandıran dövlət başçısı Azərbaycanın müstəqilliyinin dönməz xarakter daşıdığını, ölkənin bütün ərazilərində suveren hüquqlarını təmin etmək əzmində olduğunu dünyaya bəyan etdi.

Akademik G.Baxşəliyeva qeyd edib ki, 2018-ci il oktyabrın 17-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında Sərəncam imzaladı. Bu, ölkədə elmin inkişafına böyük qayğının təzahürü idi. Cari ilin yanvarında ölkə rəhbərinin müvafiq fərmanları ilə idarəetmədə səmərəliliyin və çevikliyin daha da artırılmasına xidmət edən struktur islahatları aparıldı. Bütün bunlar ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına, yeni investisiyaların cəlb edilməsinə, nəticə etibarilə isə iqtisadi inkişafa, yeni iş yerlərinin açılmasına, insanlarımızın rifahının yaxşılaşmasına xidmət edir. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti Davos Dünya İqtisadi Forumunda iştirak etdi, bir sıra çıxışlar etdi, görüşlər keçirdi. Budəfəki forum çərçivəsində dövlətimizin başçısı Gürcüstanın baş naziri, Dünya Bankının baş icraçı direktoru, “SAP SE” şirkətinin baş icraçı direktoru, “CISCO” şirkətinin icraçı vitse-prezidenti, BP qrupunun baş icraçı direktoru, “Total” şirkətinin baş icraçı direktoru, “Visa” şirkətinin prezidenti və digər aparıcı şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirdi. Əlbəttə, iri şirkət rəhbərləri ilə görüşlər ölkəmiz üçün yeni imkanlar açır, həm onların Azərbaycana investisiya qoyması, həm də Azərbaycanın əhəmiyyətli layihələrə qoşulması və digər mühüm məsələlər barədə müzakirələr aparmağa imkan verir. Xalqın rifahını daim diqqət mərkəzində saxlayan ölkə başçısı elə təkcə son aylarda əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanmış bir neçə sərəncam imzalayıb. Pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması, minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamlar bunun bariz nümunəsidir. Prezidentin problemli kreditlərin həlli ilə bağlı Fərmanı da xeyli sayda vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü, onlara göstərilən səmimi münasibət şəhid ailələrinə diqqətin və hörmətin bariz nümunəsidir. Ölkə rəhbərinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğısının növbəti təcəssümü olan 2019-cu il 28 yanvar tarixli Fərmanı isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsini daha da genişləndirdi. Son aylar Prezidentimizin xalqla bir olmasını, Prezident-xalq vəhdətini bir daha bariz şəkildə nümayiş etdirdi. Zəlzələdən zərər çəkmişlərə dərhal baş çəkməsi, zəruri tədbirlərin görülməsinə göstəriş verməsi, daha sonra Saray nənə və digər zərərçəkmişlərlə yenidən görüşməsi Prezidentimizin hər bir azərbaycanlının yanında olduğunu göstərdi. Eləcə də “Diqlas” Ticarət Mərkəzinin yanğın zamanı sahibkarlara dəymiş zərərin dövlət tərəfindən ödənilməsi qərarı hamının ürəyincə oldu. Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin cəmiyyət tərəfindən səbirsizliklə gözlənilən əfv Sərəncamını imzalaması yüzlərlə ailəyə, minlərlə insana hədsiz sevinc bağışladı. Həyatın keşməkeşli yollarında nə vaxtsa büdrəmiş, aldanmış, səhv etmiş, qanunu pozmuş, cinayət törətmiş şəxslər ali mərhəmət və humanizm prinsipləri rəhbər tutularaq əfv edildilər. Martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini, eyni zamanda, geniş tərkibdə aparılan görüşün yekunu üzrə verilən bəyanatı təhlil etdikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin haqlı və qətiyyətli mövqeyinin daha da möhkəmləndiyini aydın görə bilərik. Ermənistanın yeni rəhbərliyi hakimiyyətə gəldiyi gündən cidd-cəhdlə danışıqlar formatının dəyişdirilməsinə, qondarma rejimi də tərəf kimi danışıqlar prosesinə cəlb etməyə çalışırdı. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli siyasət nəticəsində Ermənistan rəhbərliyinin bütün cəhdləri boşa çıxdı. Bundan sonra Ermənistan danışıqlar formatını dəyişməyin mümkün olmadığını görərək dialoqu mövcud formatda davam etdirməyə məcbur oldu. Vyana görüşünün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır. Bu baxımdan həmin görüş Azərbaycan Respublikasının növbəti diplomatik uğurudur. Ötən bir il ölkəmiz üçün uğurlu il olmuş, bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmiş Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləmişdir. Ən əsası isə ölkə Prezidentinin də qeyd etdiyi kimi, dünyada gərginlik, risklər, təhdidlər artdığı halda, Azərbaycan sabitlik məkanı olmuşdur. Elə hesab edirəm ki, əlavə şərhə, sözlərə ehtiyac yoxdur... Həm də atalarımız demişkən, “görünən dağa nə bələdçi?!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.