SİYASƏT


Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib

Bakı, 5 iyul, Səadət Hakıyeva, AZƏRTAC

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya şəraitində Azərbaycanın dünyadakı nüfuzu durmadan artır. Ölkə başçısı pandemiyaya qarşı mübarizə ilə bərabər, həm qlobal, həm də regional səviyyədə layihələrə ev sahibliyi edir, beynəlxalq əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Azərbaycan Prezidentinin diplomatik və siyasi dühası ətrafda bütün ölkələrlə ortaq nöqtələrin tapılmasına, əməkdaşlıq mühitinin inşasına, qarşılıqlı faydaya dayanan əlaqələrin qurulması ilə nəticələnib. Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşü bu baxımdan böyük əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Tamam Cəfərova qeyd edib ki, bu gün Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Yerləşdiyi əlverişli coğrafi mövqe, eyni zamanda, yürüdülən siyasətə geopolitik spesifikaları da qatan Azərbaycan regional və qlobal proseslərdə güc mərkəzi kimi unikal rol oynamaqda davam edir. Strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində olmağa imkan verir. Bir sözlə, əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana yeni dividendlər qazanmaq şansı yaradıb.

Deputat bildirib ki, həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək, bundan həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə ediblər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.

Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi siyasəti, dövlətin 1993-cü ildən xarici iqtisadi və geosiyasi əlaqələr sahəsində həyata keçirdiyi iki əsas strateji xətdən biri olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 17 ildə neftdən gələn gəlirlərin də bir qismini cəlb etməklə, ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş, yenidən qurulmuş, yaxud hazırda qurulur. XX əsrin son onilliyində Avropa İttifaqının maliyyə yardımı, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi səyi ilə reallaşdırılan “İpək Yolu” (TRASEKA) layihəsinə əlavə dəstək olaraq, Azərbaycanın təşəbbüsü-liderliyi ilə inşa olunan və 2017-ci il oktyabrın 30-da istismara buraxılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirmiş, bununla da qədim İpək Yolunun polad magistrallar üzərində bərpası işi başa çatdırılmışdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılan Azad Ticarət Zonası və s. mühüm infrastruktur layihələri Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rol oynamışdır.

Azərbaycanın Orta Asiya regionunun ölkələri ilə əməkdaşlığının əhəmiyyətini vurğulayan Tamam Cəfərova deyib: “Hazırda dünyada, beynəlxalq sistemin formalaşma prosesi gedən nöqtələrdən biri Orta Asiyadır. Bu region bizim üçün təkcə türkdilli respublikalarla zəngin olması deyil, dünyanın ən vacib enerji bazası, Çinə, Hindistana, Rusiyaya, İrana və digər vacib məntəqələrə uzanan nüfuz qurşağını, mühüm ticarət yollarını təşkil edir və bu yolun tən ortasında - Asiyadan Avropaya keçiddə Azərbaycan Respublikası yerləşir”.

Onun sözlərinə görə, iyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşündə 3 dövlət arasında əməkdaşlığın strateji cəhətdən önəmli məsələlərinə dair fikir mübadiləsi aparılıb, xüsusilə nəqliyyat və kommunikasiya sahəsində tərəfdaşlıq məsələləri müzakirə edilib: “Görüş bir daha göstərdi ki, Azərbaycan siyasi coğrafiyanı müsbət dəyərləndirməklə qalmayıb, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv dövlətlərdən, eləcə də Əfqanıstandan böyük dəstək əldə edib. Əfqanıstan Prezidenti Azərbaycanın regionda və dünyada oynadığı rolu, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüslərini, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında rolunu, həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Əfqanıstan prezidentinin yatırılan sərmayələrə görə, iqtisadi layihələrə görə və COVID – 19-a qarşı yürütdüyü birgə səylərə görə Azərbaycan rəhbərinə təşəkkür etməsi mühüm mesajları özündə ifadə etdi.

Lapis Lazuli dəhlizi kontekstində enerji, tranzit, ticarət və investisiya məsələləri barədə danışan Prezident İlham Əliyev 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayaraq dedi: “Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola “Dəmir İpək yolu” deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir”. Ölkə Prezidenti görüşdə həm də Davos İqtisadi Forumunun hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, ümumiyyətlə, nəqliyyat infrastrukturunun səviyyəsinə görə isə 34-cü yerdə olduğunu qeyd etdi”.

Tamam Cəfərova, həmçinin bildirib ki, Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir. Bu ölkələr bizim ərazi bütövlüyümüzü hər zaman dəstəkləyirlər. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi onun beynəlxalq miqyasda önəmini daha da artırır. Onun sözlərinə görə, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlığı daha da inkişaf etdirib. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.