SİYASƏT


Prezident Kitabxanasında “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimatı olub

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov elektron resursun yaradılmasında məqsədin Azərbaycan diplomatiyasının keçdiyi keşməkeşli tarixi yolu işıqlandırmaq və təbliğ etmək olduğunu deyib. “Elektron resursun təqdimat mərasiminin diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti var. Məhz 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi tarixi əsas tutularaq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə hər il iyul ayının 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib”, - deyə o əlavə edib.

M.Əhmədov elektron resursun strukturu haqqında məlumat verərək qeyd edib ki, resurs 6 fəsil və 19 bölmədən ibarətdir. “Ümumi məlumat” adlanan birinci fəsildə qədim dövrlərdən etibarən günümüzədək Azərbaycan diplomatiyasının keçdiyi tarixi yol işıqlandırılır. Həmin fəsildə xüsusən Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətlərinin diplomatik əlaqələri barədə yığcam məlumat verilir. Səfəvilər dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşarın hakimiyyəti dövründə Azərbaycan diplomatiyası tarixinə parlaq səhifələrin yazıldığı, xanlıqlar dövründə də dövlətçilik ənənələrinin ayrı-ayrı xanlıqların timsalında qorunub saxlanıldığı vurğulanır. Bu fəsildə diplomatiya tariximizin sonrakı mərhələləri barədə də qısa məlumat verilir, əsasən müstəqillik dövründə Azərbaycanın diplomatik əlaqələrinin qurulması, diplomatik korpusun formalaşdırılması, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, xarici siyasətlə bağlı qanunvericilik bazasının yaradılması haqqında statistik məlumatlar öz əksini tapır.

“Diplomatiya tarixi” adlı fəsil 6 bölmədən ibarətdir. “Azərbaycan Xalq Cümhuriyyəti dövrü” adlanan birinci bölmədə Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən yeritdiyi xarici siyasətin mühüm istiqamətləri, Xarici İşlər Nazirliyinin fəaliyyəti, diplomatik korpusun formalaşdırılması, dövlət müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınması istiqamətində Paris Sülh Konfransına ezam edilən diplomatik heyətin fəaliyyəti, xarici dövlətlərdə diplomatik nümayəndəliklərin açılması, digər dövlətlərdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirilən xarici siyasət barədə ətraflı məlumat verilir. Bu bölmədə, həmçinin Xalq Cümhuriyyəti dövrünün 85 diplomatı haqqında qısa məlumat öz əksini tapıb.

Bu fəslin “Sovetlər dövrü” adlanan bölməsində 1920-1922-ci illərdə sovet Azərbaycanında Xarici İşlər Komissarlığının yaranması, onun fəaliyyətinin getdikcə məhdudlaşdırılması, nəticədə Moskvanın tam nəzarətinə keçməsi və Komissarlığın ləğvi barədə məlumat verilir. Yalnız İkinci Dünya müharibəsinin gedişində Azərbaycan məsələsinin yenidən beynəlxalq müzakirələrin obyektinə çevrilməsi nəticəsində 1944-cü ilin martında Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı bərpa edilmişdi. Azərbaycan SSR Xarici İşlər Nazirliyi SSRİ-nin süqutunadək fəaliyyət göstərmişdir. Ötən əsrin 70-80-ci illərində Azərbaycanın beynəlxalq iqtisadi, mədəni, elmi-texniki və digər sahələrdə əlaqələrinin coğrafiyası daha da genişlənmişdi.

Elektron resursun “Müstəqillik dövrü” adlanan bölməsində Azərbaycanın beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınması prosesi, Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili haqqında lazımi sənədlərin qəbul edilməsi barədə məlumat verilir. Azərbaycanın öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurması qeyd edilir. Hazırda Azərbaycan Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələrinin qurulduğu, 59 ölkədə səfirliyinin, 9 şəhərdə baş konsulluğunun, 17 ölkədə fəxri konsulluğunun, 19 beynəlxalq təşkilat yanında nümayəndəliyinin, eyni zamanda, Azərbaycanda 66 ölkənin səfirliyinin və 3 ölkənin 4 baş konsulluğunun, 13 ölkənin fəxri konsulluğunun, 21 beynəlxalq təşkilatın nümayəndəliyinin fəaliyyət göstərdiyi barədə məlumat verilir. Hazırda ölkə daxilində və xarici dövlətlərdə, beynəlxalq və regional təşkilatlarda Azərbaycanın xarici siyasət kursunu həyata keçirən 1000-ə yaxın peşəkar diplomat korpusu fəaliyyət göstərir. Bu gün diplomatik korpusumuzun kadr təminatı əsasən ADA Universitetinin yetişdirdiyi hazırlıqlı mütəxəssislər hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə indiyədək 150-dən artıq diplomata fövqəladə və səlahiyyətli səfir və elçi rütbəsi verilib. Azərbaycan xarici siyasətinin başlıca prioritetləri yarımbaşlıqlar şəklində bu bölmədə öz əksini tapıb.

Həmin fəslin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlanan bölməsində münaqişənin qısa tarixi şərhi və danışıqlar prosesi barədə geniş analitik mətn yerləşdirilib. Bu bölmədə, həmçinin münaqişə barədə beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin mətnləri öz əksini tapır.

Bu fəslin daha bir bölməsi “Xarici İşlər nazirləri” adlanır. Bölmədə Xalq Cümhuriyyəti, sovetlər dövrü və müstəqillik dövründə Xarici İşlər naziri vəzifəsində işləyən 15 şəxs haqqında geniş bioqrafik məlumat verilir.

Elektron resursun “Sənədlər” adlanan bölməsində isə Cümhuriyyət dövründən etibarən Azərbaycan diplomatiyası barədə mühüm sənədlərin mətnləri öz əksini tapır.

“Diplomatik əlaqələr” adlanan üçüncü fəsildə Azərbaycanın diplomatik əlaqələr qurduğu dövlətlərin adları və əlaqələrin qurulması tarixi, xarici dövlətlərin Azərbaycandakı təmsilçilikləri və nümayəndəlikləri, baş konsulluqları, fəxri konsulluqları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, baş konsulluqları, fəxri konsulluqları və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri və onların ünvanları haqqında məlumatlar cədvəllər şəklində yerləşdirilir.

Elektron resursun “Konvensiyalar” adlanan fəslində Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərinə, beynəlxalq münasibətlərin ayrı-ayrı sahələrinə, mülki və siyasi hüquqlara, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinə, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair, transmilli mütəşəkkil cinayətkarlığa qarşı və s. imzalanmış 300-ə yaxın konvensiyanın tam mətni öz əksini tapır.

Resursun digər fəsli “E-Resurslar” adlanır. “E-kitablar” bölməsində Azərbaycanın xarici siyasətinə və diplomatiyasına, beynəlxalq təşkilatlarla münasibətlərinə, qloballaşmaya dair, həmçinin görkəmli azərbaycanlı diplomatlar haqqında Azərbaycan və rus dillərində olan 150-yə yaxın kitabın elektron versiyaları təqdim edilir. “E-Məqalələr” bölməsində isə qəzet və jurnallarda dərc edilən Azərbaycan dilində 550-yə yaxın məqalənin elektron versiyalarının mətnləri öz əksini tapır.

Elektron resursun “Biblioqrafiya” adlanan sonuncu fəslində Prezident Kitabxanasının fondunda olan xarici siyasət, beynəlxalq münasibətlər və diplomatiyaya dair 650-yə yaxın kitabın, 15 minə yaxın məqalənin və 375 avtoreferatın biblioqrafiyası toplanılıb.

Toplanılan materialların təhlili göstərir ki, 1993-cü ilin iyun ayından 2019-cu ilin iyun ayınadək 26 il ərzində xarici siyasətlə bağlı Azərbaycan Respublikasının 1365 qanunu, Azərbaycan Respublikası Prezidentinin 443 fərmanı və 2413 sərəncamı imzalanıb.

Prezident Kitabxanasının digər elektron resurslarında da xarici siyasət fəaliyyətinə və diplomatiyaya dair zəngin material toplanıb. Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən xarici siyasət fəaliyyətinə dair materiallar http://heydaraliyev.preslib.az  elektron sənədlər toplusunda, Prezident İlham Əliyevin 2003-2019-cu illəri əhatə edən xarici siyasət fəaliyyətinə dair materiallar http://foreignpol.preslib.az  elektron nəşrində, Azərbaycanın UNESKO ilə əlaqələri, xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədəki fəaliyyəti haqqında materiallar http://mehribanaliyeva.preslib.az  və http://unesco.preslib.az  elektron resurslarında, İslam ölkələri ilə diplomatik əlaqələr haqqında materiallar isə Kitabxananın http://islamworld.preslib.az  elektron resursunda əks etdirilir. Müasir Azərbaycan diplomatiyasının ən önəmli istiqaməti olan Dağlıq Qarabağ münaqişəsi haqqında Prezident Kitabxanasının “Odlar yurdu Azərbaycan” ensiklopedik elektron nəşrinin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” fəslində (http://files.preslib.az/projects/azerbaijan/gl8.pdf) zəngin material toplanılıb.

Kitabxananın direktoru istifadəçilərə təqdim edilən elektron resursun maarifçilik xarakteri daşıdığını, xüsusən Azərbaycanın xarici siyasəti və diplomatiya tarixi sahəsində tədqiqat aparan şəxslər və KİV-lər üçün zəngin informasiya mənbəyi olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxış edərək təqdim edilən elektron resursun əhəmiyyətindən danışıb. O, Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı tədbirlər silsiləsinin məhz kitabxanadan başlanmasının əlamətdar hal olduğunu vurğulayıb. Bildirib ki, xarici siyasət və diplomatik fəaliyyətlər intellektual xarakter daşıyır. Buna görə də bu sahələrdə daim yeni resurslara, vacib sənədlərə, ədəbiyyata müraciət etmək lazımdır. Bu baxımdan da təqdim edilən bu resursda xarici siyasətimizin fəaliyyətinin bir sıra aspektlərini, ən vacib istiqamətlərini əhatə edən virtual müqavilə-hüquq bazası, ikitərəfli əlaqələrimizin dinamikası, dövlətimizin başçısının bilavasitə fəaliyyəti, çıxışları, nitqləri, imzaladığı sərəncamlar, o cümlədən xarici siyasət fəaliyyəti üzrə müxtəlif araşdırma materialları cəmlənib.

Hikmət Hacıyev qeyd edib ki, bu elektron resurs Azərbaycanın xarici ölkələrdəki səfirlərinin fəaliyyəti üçün də çox vacib resursdur: “Bu resursun Prezident Kitabxanası ilə əməkdaşlıq şəraitində xarici ölkələrdəki digər kitabxanalara da çıxarılması Azərbaycanın xarici siyasət reallıqlarının həmin ölkələrdə təbliğ edilməsi nöqteyi-nəzərindən çox vacibdir. Diplomatiya hər bir dövlətin müstəqilliyinin vacib amillərindən biridir. Azərbaycan Respublikasının və xalqımızın zəngin dövlətçilik ənənələri olsa da, ölkəmiz xarici işğallara və müxtəlif təcavüzlərə məruz qaldığı üçün 200 ildən artıq bir dövr ərzində müstəqil xarici siyasət fəaliyyətindən məhrum olub. Ona görə də diplomatiya tariximizin məhz bu cür sənədlər əsasında müəyyən bir dövr ərzində formalaşmasında boşluqlar olub. Ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra, xüsusən də ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra hər bir sahədə olduğu kimi, xarici siyasət fəaliyyətində də fundamental dönüş olub. Xarici siyasətimizin strateji əsasları və təməl prinsipləri də məhz bu dövrdən qoyulub və formalaşıb. Ona görə də bu resursda ulu öndər Heydər Əliyevin fəaliyyətinin, xarici siyasət addımlarının və Azərbaycan Respublikasının müstəqilliyinin ilk və ən çətin illərində beynəlxalq aləmə inteqrasiyasını özündə əks etdirən materiallar, çıxışlar və s. digər sənədlər cəmləşib ki, bu da gələcək nəsil üçün vacib resursdur”.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı artmaqdadır. Bu da xarici siyasətimizin coğrafiyasının genişlənməsinin bariz nümunəsidir. Bu gün Azərbaycan diplomatiyası dövlətimizin başçısı tərəfindən verilən tapşırıqları qətiyyətlə, əzmlə, sədaqətlə yerinə yetirir. Diplomatlarımız ictimai-siyasi vəziyyəti ağır olan ölkələrdə ölkəmizi layiqincə təmsil edirlər. Sevindirici haldır ki, onların sırasında gənclərin, qadınların sayı artır.

Sonra Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Prezident Administrasiyasının məsul əməkdaşı Gülşən Paşayeva, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalov çıxış edərək elektron resursun əhəmiyyətindən danışıb, onun daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.