ELM VƏ TƏHSİL


Prezident Kitabxanasında Yaqub Mahmudovun xarici dillərdə çap edilmiş kitablarının təqdimatı olub

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun xarici dillərdə nəşr olunan kitablarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Prezident Kitabxanasının təşkilatçılığı və Tarix İnstitutunun elmi dəstəyi ilə reallaşıb.

Tədbiri kitabxananın direktoru Mayıl Əhmədov açaraq, Yaqub Mahmudovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən və əsərlərinin əhəmiyyətindən danışıb.

Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə Tarix İnstitutunda son 15 ildə Azərbaycan tarixinin ən mühüm problemləri saxtalaşdırmalardan və təhriflərdən təmizlənib. İnstitutda Qarabağ, İrəvan, Naxçıvan, soyqırımları və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb. O, Yaqub Mahmudovun milli dövlətçilik tariximizdə mühüm rol oynamış Ağqoyunlu və Səfəvi dövlətlərinin xarici siyasəti və diplomatik əlaqələri, Azərbaycan diplomatiyasının tarixi, xalqımızın etnik siyasi tarixi, dövlətçilik ənənələri və intibah mədəniyyəti, Azərbaycanın tarixi torpaqları və ayrılmaz hissəsi olan Qarabağ, Naxçıvan və İrəvanın etnik və siyasi tarixi, iqtisadi inkişaf mərhələləri, mədəniyyəti, Heydər Əliyev şəxsiyyəti, onun zəngin irsinin və ideyalarının davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti və bu siyasətin uğurlarını Azərbaycan dövlətçiliyinin tarixi fonunda araşdırdığını qeyd edib.

AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli bildirib ki, institut əsərlərin xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır. Bu məqsədlə institut rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, fars, erməni və başqa dillərdə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, İrəvan xanlığı ilə bağlı broşürlər və digər kitabları çap etdirib.

Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli Yaqub Mahmudovun xarici dillərdə nəşr olunan əsərlərinin Azərbaycan tarixinin dünyaya çatdırılmasında mühüm rolunu vurğulayıb.

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov diqqətə çatdırıb ki, institut nəşrlərin yayılmasının səmərəliliyini artırmaq üçün dünyanın müxtəlif ölkələrində Azərbaycanşünaslıq mərkəzləri yaradır. 2018-ci ildə Tarix İnstitutunun təşəbbüsü ilə Polşada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə sənəd topluları, soyqırımı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi polyak dilinə tərcümə olunur. Yaxın zamanlarda xaricdə yeni Azərbaycanşünaslıq mərkəzləri açılacaq.

Tarix İnstitutunun alimləri bildiriblər ki, institutun nəşrləri Türkiyədə, Rusiyada, Ukraynada, Pakistanda, Latın Amerikasında, Avropada, ərəb ölkələrində və digər yerlərdə yayılıb.

Sonda Prezident Kitabxanasının kollektivinə tədbirin təşkilinə görə təşəkkürünü bildirən Yaqub Mahmudov ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan tarixinə layiqli diqqət və qayğının göstərildiyini və Prezident İlham Əliyevin bu işi uğurla davam etdirdiyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.