REGİONLAR
Prezident: Pambıqçılığın inkişafı Azərbaycanda yüngül sənayenin inkişafına da böyük təkan verəcək
Bakı, 28 mart, AZƏRTAC
Pambıqçılığın inkişafı, əlbəttə ki, Azərbaycanda yüngül sənayenin inkişafına da böyük təkan verəcək. Keçən il Mingəçevirdə yüngül sənaye parkının təməli qoyuldu. Orada doqquz zavod, o cümlədən iplik zavodu tikiləcək. Bu ilin sonuna qədər artıq ilk zavodlar fəaliyyətə başlamalıdır. Bu da çox böyük, ciddi iqtisadi təşəbbüsdür. Ən azı bu doqquz zavodda və ümumiyyətlə, bu texnologiya parkının fəaliyyəti nəticəsində ən azı beş min insan işlə təmin ediləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.
Prezident İlham Əliyev deyib: “Eyni zamanda, biz hazır məhsul satacağıq. Mahlıc yox, hətta iplik yox, biz çalışmalıyıq ki, hazır məhsul sataq, tekstil sataq, xarici bazarlarda özümüz üçün yer edək. Mən bütün həmkarlarımla təmaslarda bu məsələni ön plana çəkirəm. Ticarət dövriyyəsinin artırılması və Azərbaycan ixracının artırılması məsələlərini qoyuram ki, bizim üçün yeni bazarlar açılsın. Ənənəvi bazarlar var və biz o bazarlarda işləyirik. Biz yeni bazarlara çıxmalıyıq. Ticarət evlərinin yaradılması bu məqsədi güdür. Yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada, Çində, Birləşmiş Ərəb Əmirliklərində ticarət missiyalarımız fəaliyyətə başlayacaq. Çünki bu, hesab edirəm ki, bizim üçün indiki mərhələdə əsas bazarlardır”.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, görülən və görüləcək işlər nəticəsində bu il də pambıqçılıqda yaxşı nəticələr olacaq.