SİYASƏT
Prezident: Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərarı yüksək dəyərləndiririk
Bakı, 11 oktyabr, AZƏRTAC
Bu il Qoşulmama Hərəkatına üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısındakı çıxışında söyləyib.
Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcəyini vurğulayan dövlətimizin başçısı deyib: “Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik”.
Prezident qeyd edib ki, BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı.