SİYASƏT


Prezident: koronavirusla bağlı mübarizədə biz bundan sonra da addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq

Bakı, 6 avqust, AZƏRTAC

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədəki yekun nitqində karantin rejimi ilə bağlı fikirlərini bölüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı koronavirusla bağlı mübarizədə bundan sonra da addımların vəziyyətə uyğun olaraq atılacağını bildirib.

“Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünki bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident deyib ki, karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər.

“Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.