SİYASƏT


Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər xalqımızda böyük qürur hissi yaradıb

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Laçın rayonundan məcburi köçkün Ramil Xudayarov yazır: “Hörmətli cənab Prezident, mənim ailəm 1992-ci ildə doğma yurd-yuvamız olan Laçın rayonundan məcburi köçkün düşdükdən sonra 28 il Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində şəraiti ağır olan qamış evlərdə yaşamışdır. Mən doğma yurd-yuvamı canlı olaraq görməsəm də, valideynlərimin mənə danışdığı təəssüratlar beynimdə dərin iz salmışdır. Məcburi köçkün olaraq həmişə Sizin diqqət və qayğınızın şahidi olmuşam. Bu məktubu ünvanlamaqda məqsədim ailəmizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir. Cənab Prezident, 2019-cu ilin sonunda Ağcabədi rayonunun “Taxta körpü” ərazisində Laçın rayonunun Şeylanlı kəndinin əhalisi üçün salınmış 144 saylı qəsəbədə ailəmiz evlə təmin olunmuşdur. Ailəmizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Sizə uzun ömür və cansağlığı arzu edirəm”.

İsmayıllı rayonunun Talıstan kəndinin sakinləri adından Sihət Şirəliyev: “Möhtərəm cənab Prezident, Sizin bu günlərdə rayonumuzun su təchizatının yaxşılaşdırılması məqsədilə 10 subartezian quyusunun qazılması ilə bağlı verdiyiniz Sərəncam rayonumuzun bütün sakinləri kimi, bizi də ürəkdən sevindirir. Belə quyuların kəndimizdə də qazılacağına hədsiz dərəcədə sevinir və Sizə bütün kənd sakinlərinin minnətdarlığını, dərin hörmət və ehtiramını yetiririk. Ölkəmizin rifahı naminə Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik”.

Bakı şəhərinin Yasamal rayonundan Əməkdar jurnalist Mahir Məmmədlinin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, bütün dünya, o cümlədən Azərbaycan üçün koronavirus pandemiyasının yaratdığı problemlər fonunda "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamınız Sizin kütləvi informasiya vasitələrinə və jurnalistlərə nə qədər böyük önəm verdiyinizin sübutu oldu. Dünyada pandemiya başlayandan hər bir Azərbaycan vətəndaşı - sahibkarlar, muzdlu işçilər, işsizlər, aztəminatlı ailələr Sizin vətəndaşlara diqqətinizi hiss etdi, insanlarımızın sağlamlığı naminə dövlətin böyük vəsait ayırdığını gördü. Biz jurnalistlər xüsusi karantin rejimində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməklə fəaliyyətimizi davam etdiririk, ölkə əhalisini dolğun və ən əsası, doğru xəbərlərlə təmin etməyə çalışırıq. Bilirik ki, dövlətimizə, onun rəhbərliyinə qarşı məkrini həyata keçirmək üçün pusquda dayanan, bizi sevməyən xarici dairələrdən maliyyələşən qüvvələr var və əsl jurnalistlər meydanı onlara buraxmamalıdırlar. Cənab Prezident, koronavirusla mübarizə apardığımız bir vaxtda milli mətbuatımızın 145 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamağınız jurnalistləri heç vaxt unutmadığınızın, "mənim köməkçilərim" adlandırdığınız bizə daim diqqət göstərdiyinizin isbatıdır. Mən bu diqqətin sevincini həm də xüsusi olaraq yaşamış biriyəm və Sizin Sərəncamınızla "Əməkdar jurnalist" fəxri adı almağımla fəxr edirəm”.

Ağcabədi rayonu Salmanbəyli kənd tam orta məktəbinin müəllimi Gülbikə Məmmədova: “Hörmətli cənab Prezident, Qarabağ məsələsi bizim ən ağrılı yerimizdir. Beynəlxalq təşkilatlar bu məsələyə qarşı biganəlik nümayiş etdirirlər. Bəzən bizi həmin tribunalardan pisləyib gözdən salmaq istəyirlər. Lakin Siz bu məsələdə Azərbaycanın mövqeyini layiqincə təmsil edirsiniz. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitindəki çıxışınız bizi sabaha daha da ümidləndirdi. Siz Ermənistanın hökumət başçısını susdurdunuz. O, deməyə söz tapmadı. Bu düşmən tərəfin haqsız olduğunu bir daha təsdiqlədi. Ulu Tanrının köməyi və Sizin düşünülmüş siyasətinizlə Qarabağ məsələsinin ədalətli həllini tapacağına inanırıq. Biz daim Sizin siyasətinizi dəstəkləyirik. Əgər müharibə olarsa, qadın olmağıma baxmayaraq, Sizin əmrinizlə torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etməyə daim hazıram”.

İsmayıllı rayonunun Hacıhətəmli kəndinin sakinləri Maqsud Hüseynov, Nazim Ağakişiyev, Əvəz Kərimov, Əlişir Babliyev və Ramil Salmanov yazırlar: “Hörmətli cənab Prezident, İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamınız bütün İsmayıllı sakinləri kimi, Hacıhətəmli kənd sakinlərinin də sevincinə səbəb olmuşdur. Uzun illər susuzluqdan əziyyət çəkən Hacıhətəmli kənd sakinləri Sərəncamınızla içməli su ilə təmin olunacaq və kəndin əsas problemlərindən biri həllini tapacaqdır. Bu böyük diqqət və qayğınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı yolunda Sizə yeni uğurlar diləyirik”.

Salyan rayonunun Şorsulu kəndinin sakinləri adından Akif İbrahimov, Rəis Abdullayev, Nizami Şükürov, Şahmar Cavadov, Emin Hüseynzadə və Yusif Sadıqzadə yazırlar: “Möhtərəm cənab Prezident, Salyan rayonunun Şorsulu kəndinin sakinləri Sizin göstərişlərinizlə rayonumuzda görülən böyük quruculuq işlərini, iqtisadi həyatımızın yaxşılaşması üçün həyata keçirilən tədbirləri, mədəni həyatımızın yüksəlməsi üçün verdiyiniz sərəncam və fərmanları böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Koronavirusla əlaqədar gördüyünüz qabaqlayıcı tədbirlər böyük alqışa layiqdir. Pandemiya dövründə təqaüdlərimizi, sosial yardımları, 190 manat məbləğində birdəfəlik ödəməni vaxtında ala bildik. Pandemiya dövründə xalqımızın indiyədək az itki verməsi, həmçinin əvvəlki illərdə təbii fəlakətlər zamanı çətinə düşmüş insanlara böyük kömək göstərilməsi onu deməyə əsas verir ki, Siz Azərbaycan xalqının xilaskarısınız. Taleyimizin etibarlı əllərdə olmasından mənəvi rahatlıq tapırıq. Allah Sizə və ailənizə hər zaman firavan həyat qismət eləsin”.

Gəncə şəhərindən Mehman Rzayev: “Çox hörmətli cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə hər səfəriniz şəhərimizin gündən-günə inkişaf etməsinə, çiçəklənməsinə, gözəlləşməsinə xidmət edir. Sizin diqqət və qayğınız sayəsində Gəncə bu gün sənaye mərkəzinə çevrilir, yeni layihələr həyata keçirilir. Vətəndaşların maddi rifahının yaxşılaşdırılması, onların sağlamlığının qorunması istiqamətində atılan addımların bariz nümunəsi kimi yeni tikilən müəssisələri, açılan iş yerlərini, inşa edilən müasir tipli xəstəxanaları, universitet binalarını, tələbə yataqxanalarını, məktəb və bağçaları xüsusi qeyd etmək lazımdır. Sizin hər səfərinizdə verdiyiniz tapşırıqlar, rəhbərliyinizlə həyata keçirilən böyük layihələr qədim Gəncənin daha da yaraşıqlı və müasir bir şəhər olması üçün vacibdir. Sizin Gəncənin inkişafı üçün ayırdığınız böyük maliyyə vəsaitləri şəhərimiz üçün tarixi qərardır. Bu gün bütün dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda qəbul etdiyiniz məqsədyönlü qərarlar sayəsində Azərbaycan bu ağır xəstəlik qarşısında aciz qalmır. Yeni xəstəxanalar, tibb ocaqları tikilir, bir sözlə, vətəndaşların sağlamlığının qorunması istiqamətində əməli işlər görülür. Cənab Prezident, Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Allahdan möhkəm cansağlığı arzu edirəm. Ümid edirəm ki, Sizin uzaqgörənliyiniz və böyük təcrübəniz sayəsində xalqımız bütün çətinlikləri arxada qoyacaq. Bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm”.

Zaqatala şəhərindən Turan Əsədov dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Möhtərəm cənab Prezident, bütün dünya koronavirusla üz-üzə qaldığı vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqında böyük qürur hissi yaradıb. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyiniz müraciətlər, qısa müddətdə çoxlu sayda laboratoriyanın, modul tipli xəstəxanaların istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılışı, sosial paketlərin həyata keçirilməsi sübut etdi ki, ölkəmizdə bütün lazımi addımlar yüksək səviyyədə atılır. Koronavirus pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz bütün bu qabaqlayıcı tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanırıq ki, bu çətin günlər tezliklə arxada qalacaq, xalqımız bu bəladan xilas olacaq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcək”.

Biləsuvar rayonunun Günəşli kəndindən Bəhruz Nəbili: “Hörmətli cənab Prezident, Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı, xüsusilə də pandemiya dövründə verdiyiniz sərəncamlar əhalinin məşğulluğunun daha da artması üçün böyük perspektiv vəd edir. Biləsuvar aqrar rayon olduğu üçün buranın əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı verdiyiniz sərəncamlar rayon sakinlərinin əməyə və zəhmətə həvəsini daha da artırır. Uzun illərdir ki, rayonumuzda su çatışmazlığı ucbatından yaranan bir çox çətinliklər əlimizi işdən soyutmuşdu. Bir müddət bundan əvvəl rayonumuzun bir neçə kəndinin, son Sərəncamınızla isə Çinarlı kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə vəsaitin ayrılması biz biləsuvarlıları çox sevindirdi. Göstərilən qayğıya görə bütün biləsuvarlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm”.

Şirvan şəhərindən Rafiq Səfərov: “Hörmətli cənab Prezident, Siz Azərbaycanda COVID-19 infeksiyasının qarşısının alınması istiqamətində böyük işlər görürsünüz. Bu ağır şəraitdə pandemiyaya qarşı mübarizə ilə əlaqədar gördüyünüz tədbirlər, səhiyyə sistemimizin günün tələblərinə uyğunlaşdırılması, əhalinin sosial rifah halının qorunması istiqamətində atdığınız addımlar, insanlarımıza verdiyiniz dəyər xalq tərəfindən alqışlanır. Cənab Prezident, bizə verdiyiniz dəyərin ölçüsü yoxdur. Mən ailə üzvlərimizlə birlikdə vətəndaşlarımıza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. İnanırıq ki, yaşadığımız bu mürəkkəb dövr tez bir zamanda sona çatacaq, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək. Azərbaycanın işıqlı gələcəyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətlə bağlıdır. Sizə bu çətin və şərəfli yolda daim uğurlar arzu edirik. Biz şirvanlıların xeyir-duası həmişə Sizinlədir. Allah Sizi qorusun!”.

Bakının Binəqədi rayonundan Orxan Bəylərov: “Möhtərəm cənab Prezident, Siz cəmiyyətimizi və dövlətimizi vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlardan qorumaq, qeyri-qanuni hərəkətlərə yol vermiş şəxsləri ifşa etmək və onları cəzalandırmaq üçün əlinizdən gələni edir, bununla bağlı göstərişlər verirsiniz. Sizin bu cür obyektiv, ədalətli olmağınız biz sadə vətəndaşların Sizə olan məhəbbətini, inam və etibarını daha da artırır. Buna görə Sizə təşəkkür edir, “Çox sağ olun” deyirik. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və inkişafı naminə böyük Yaradan Sizə hər zaman yar olsun!”.

Saatlı rayonunun Əliabad kəndinin sakinləri İsmayıl Əliyev, Bahadur Mirzəyev, Əliabbas Namazov, N.Əliyev və X.Niyazov yazırlar: “Möhtərəm cənab Prezident, Siz çıxışlarınızda bildirirsiniz ki, məmurlar xalqın xidmətçisidir və xalqa xidmət etməlidirlər. Biz bu gün bu sözlərin, məmurlar qarşısında qoyduğunuz tapşırıqların real nəticələrini görürük. Saatlı rayonunda da Sizin dəyərli sözlərinizin təsiri hiss olunmaqdadır. Belə ki, rayonumuzda su qıtlığının aradan qaldırılması, təsərrüfatların suvarma suyu ilə təminatı üçün lazımi işlər görülür. Bunun üçün böyük işçi qüvvəsi, texnika cəlb edilmişdir. Cənab Prezident, kənd təsərrüfatının inkişafına, fermerləri narahat edən məsələlərin həllinə bu cür səy göstərdiyinizə görə Sizə minnətdarıq. Əhaliyə olan xoş münasibət Sizin çıxışlarınızdan, tapşırıqlarınızdan qaynaqlanır. Allah işlərinizi avand eləsin!”.

Bakı şəhərindən Kamal Mənsimov: “Möhtərəm cənab Prezident, insanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz birillik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir. Sizin bu cür obyektiv, ədalətli olmağınız biz sadə vətəndaşların Sizə olan məhəbbətini, inam və etibarını daha da artırır. Buna görə Sizə təşəkkür edir, “Çox sağ olun” deyirik. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və inkişafı naminə böyük Yaradan Sizə hər zaman yar olsun!”.

Salyan rayonunun Ərəbqardaşbəyli kəndinin sakinləri Samit Quliyev, Həbib Seyidov, Yusif Əliyev, Məryəm Abdullayev və Alim Cəfərov: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq edilməsi, "Biz birlikdə güclüyük!" çağırışınız, aztəminatlı ailələrə və şəhid ailələrinə göstərdiyiniz maddi və mənəvi yardımlar, sosial yardıma ehtiyacı olan insanlara verilən birdəfəlik ödənişin 600 min nəfərə şamil edilməsi, ən nəhayət, insan amilinə verdiyiniz yüksək dəyər Azərbaycan xalqını bir daha əmin etdi ki, onun Sizin kimi müdrik Prezidenti və qətiyyətli Ali Baş Komandanı var. Pandemiya ilə mübarizə sahəsində həkimlərimizin də rolunu qeyd etmək istəyirəm. Akademik Zərifə xanım Əliyeva vaxtilə demişdir: “Həkim insanlara Günəş qədər lazımdır". Biz bu gün bu sözlərin nə qədər dəyərli olduğunun bir daha şahidiyik. Həkimlərimiz də çox sağ olsunlar ki, böyük ruh yüksəkliyi ilə çalışırlar. Əziz Prezidentimiz, bu çətin vaxtda sosial layihələrin icrasının dayandırılmaması biz vətəndaşları sevindirir. Kəndimizdə 180 yerlik ən müasir tələblərə cavab verən məktəb tikilmişdir. Bu da Sizin Azərbaycan təhsilinə verdiyiniz qiymətin təzahürüdür. Bundan əlavə, kəndimizdə yeni internet və telekommunikasiya xətləri çəkilmiş və əhalinin istifadəsinə verilmişdir. İnternetlə dünyaya çıxış gənc nəslin elminin və dünyagörüşünün inkişafında mühüm rol oynayır. Göstərdiyiniz bütün bu diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə təşəkkür edir və siyasətinizi daim dəstəklədiyimizi bildiririk”.

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindən Mehriban Əsgərova: “Çox dəyərli və hörmətli Prezidentim, dönüb keçmişə nəzər salanda, Azərbaycanımızın nə qədər inkişaf etdiyini, necə gözəlləşdiyini görəndə insanın ürəyi fəxr hissi ilə dolur. Bu inkişafın xüsusilə Sizin prezidentlik dövrünüzdə baş verməsi danılmaz faktdır. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdən bu günə qədər bütün çətinliklərin öhdəsindən əzmlə gələrək uğurlar əldə etmiş, Vətənimizin dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yer tutmasına nail olmusunuz. COVID-19 pandemiyasının bütün dünyada kütləvi insan tələfatına səbəb olduğu hazırkı zamanda, Sizin tərəfinizdən və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın bu bəladan qorunması üçün zamanında və operativ tədbirlər görməyiniz, aztəminatlı ailələrə humanitar, maddi yardımlar ayırmağınız, sahibkarlara dəstəyiniz göz önündədir. Təbii ki, mən də bir vətəndaş olaraq bunları görürəm və qiymətləndirməyə bilmərəm. Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Sağ olun, cənab Prezident”.

Şəki rayonunun Kiçik Dəhnə kəndindən Nüsrət Haqverdiyev yazır: “Hörmətli cənab Prezident, Sizin aqrar sahəyə ayırdığınız diqqət, göstərdiyiniz qayğı kəndlilərin torpağa, əkin-biçinə marağını daha da artırmışdır. Məlum olduğu kimi, hazırda ölkəmizdə suvarma suyu ilə bağlı çətinliklər vardır. Bu çətinliklərin aradan qaldırılması üçün Sizin mütəmadi olaraq sərəncamlar imzalamağınız, lazımi göstərişlər verməyiniz məsələnin həllində əvəzsiz rol oynayır. Həm yeni suvarma kanalları çəkilir, həm də respublikamızın müxtəlif bölgələrində subartezian quyuları qazılaraq istifadəyə verilir. Bizim Kiçik Dəhnə kəndində son bir ayda 2 yeni subartezian quyusu yerli sakinlərin sərəncamına verilmişdir. Həmçinin bir subartezian quyusu təmir olunmuş və yararlı vəziyyətə gətirilmişdir. Əziz Prezidentimiz, kəndlilərin Sizə minnətdarlığı və alqışı sonsuzdur. İndi növbəti əkin işlərinə həvəsimiz daha da çoxalıb. Çalışacağıq ki, tarlalardan bol məhsul götürək, öz işimizlə göstərilən diqqətin qarşılığını verək. Allah işlərinizi avand eləsin!”.

Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən Cavid İsmayılov: “Çox hörmətli cənab Prezident, bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasət bizi bu gözəgörünməz düşmənin daha böyük təsirlərindən qorumaqdadır. Bu gün dünya dəhşətli pandemiya ilə mübarizə aparır. Dünyada hər gün minlərlə insan həlak olur. Lakin biz Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin pandemiya ilə mübarizədən alnıaçıq çıxacağına ümidliyik. Yüksək təhlükəsizlik tədbirləri, xüsusi karantin rejiminin tətbiqi və vaxtında verdiyiniz digər bu kimi qərarlar təqdirəlayiqdir. Hörmətli cənab Prezident, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə, əzizlərinizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram”.

İsmayıllı şəhərindən Vüqar Muradəliyev: “Möhtərəm cənab Prezident, İsmayıllı rayonunun 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 10 subartezian quyusunun qazılması məqsədilə imzaladığınız 2020-ci il 1 iyul tarixli Sərəncam İsmayıllı sakinlərini ürəkdən sevindirir. Qazılması nəzərdə tutulan subartezian quyularından 2-si İsmayıllı şəhərinin payına düşür. Bu subartezian quyuları söz yox ki, şəhər əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında və içməli suya olan tələbatının ödənilməsində böyük rol oynayacaqdır. Cənab Prezident, İsmayıllıya və onun sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə şəhər ziyalıları, ağsaqqalları və bütün sakinlərimiz adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Heç şübhəsiz ki, Sizin rəhbərliyinizlə ölkəmiz inkişafın ən yüksək mərhələsinə çatacaq və Azərbaycan xalqı daha xoşbəxt gələcəyə qovuşacaqdır”.

Zaqatala rayonunun Əliabad qəsəbəsindən Kamran Məmmədov və Səməd Vahabov yazırlar: “Hörmətli cənab Prezident, əvvəla Sizi səmimi-qəlbdən salamlayıram. Hazırda koronavirus pandemiyası dünya ölkələrini təşvişə salaraq, iqtisadi böhran yaratmaqdadır. Təəssüflər olsun ki, bu virus ölkəmizdən də yan keçmədi. Bu gün ölkəmizdə də bir çox insan bu virusun təsirindən əziyyət çəkməkdədir. Lakin danılmaz faktdır ki, məhz Sizin uzaqgörən, qabaqlayıcı tədbirləriniz və səyləriniz sayəsində Azərbaycanda digər ölkələrlə müqayisədə bu virusa yoluxanların sayı azlıq təşkil etməkdədir. Pandemiya ölkəmizdə yayılmağa başlayandan virusa yoluxan xəstələr üçün müasir standartlara cavab verən xüsusi xəstəxanaların istifadəyə verilməsi, xalqımızın maddi rifahı üçün sosial tədbirlərin həyata keçirilməsi Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Cənab Prezident, bütün bu işlərinizlə xalqımızın yanında olduğunuzu bir daha göstərdiniz. Buna görə Sizə dərin təşəkkürümüzü bildirir və Allahdan Sizə cansağlığı arzulayırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.