İQTİSADİYYAT


Prezidentin Fərmanı icra olunur “AZƏRENERJİ” ASC-DƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Noyabrın 29-da “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçən respublika Nazirlər Kabinetinin ilk iclasında səslənən fikirlərin və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair müşavirə keçirilmişdir.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məruzə ilə çıxış edərək, Azərbaycanın müstəqil enerji sisteminin, onun enerji təhlükəsizliyinin möhtərəm Heydər Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində yarandığını demişdir. Respublikamızda bir ildə istehsal olunan elektrik enerjisinin Gürcüstan və Ermənistanda istehsal olunan elektrik enerjisinin cəmindən iki dəfə artıq olduğunu söyləyən natiq, bunun Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu qeyd etdi.

Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, energetika sahəsinə və onun problemlərinə dərindən bələd olan Prezident İlham Əliyev Nazirlər Kabinetinin noyabrın 17-də keçirilmiş ilk iclasında yeni sosial-iqtisadi proqramının əsas istiqamətlərini açıqlamaqla bərabər, hər bir rəhbər işçinin gələcək fəaliyyətinin onun işinin nəticələrindən asılı olacağını bildirmiş, qarşıya hamının öz vəzifə borcunu vicdanla yerinə yetirməsi tələbini qoymuşdur. Prezident İlham Əliyev həmin iclasdakı nitqində ölkə iqtisadiyyatının inkişafının əsas istiqamətlərini göstərərək, yanacaq-energetika kompleksində əhalinin tələbatının ödənilməsi ilə bağlı yaranan problemlərin tezliklə həllini tapacağı, yaxın zamanlarda Bakıda “Şimal-2” və Sumqayıt şəhərində müasir elektrik stansiyalarının tikiləcəyini qeyd etmişdir.

Həmin iclasdan bir neçə gün sonra Prezidentə respublikanın enerji sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə məruzə etdiyini bildirən Etibar Pirverdiyev, ölkəmizin başçısının enerji sisteminə dair bir sıra iradlarını bildirməklə yanaşı, bu sahənin inkişafına lazımi qədər dəstək verəcəyini, o cümlədən kadr məsələlərinə xüsusi diqqət yetirməyin vacibliyini bir daha qeyd etdiyini demişdir.

Etibar Pirverdiyev məruzəsində enerji sistemindəki mövcud vəziyyətə toxunaraq qış mövsümünün başlaması ilə əlaqədar görülən işlər barədə müşavirə iştirakçılarına məlumat verdi. O, hazırda respublikada dörd istilik və beş su elektrik stansiyasının fəaliyyət göstərdiyini deyərək, ölkənin qaz və istilik təminatında problemlər yaranmayacağı təqdirdə qarşıdan gələn qış mövsümünün müvəffəqiyyətlə başa vurulacağını və əhalinin elektrik enerjisinə tələbatının tamamilə təmin olunacağını bildirmişdir.

“Azərenerji” ASC-nin gələcək planlarından danışan Etibar Pirverdiyev 2004– 2010-cu illərdə Sumqayıt şəhərində və “Şimal” DRES-də 400 MVt gücə malik ikinci müasir buxar-qaz qurğularının (BQQ) tikiləcəyini bildirdi. Bundan əlavə, Xaçmaz yardımçı elektrik stansiyasının tikilməsi, “Azərbaycan” və Əli Bayramlı DRES-lərdə yenidənqurma işlərinin aparılması da Azərbaycan enerji sisteminin etibarlı iş rejiminin təmin edilməsinə imkan verəcəkdir.

Müşavirədə çıxış edən digər natiqlər respublikanın enerji sistemində alternativ enerji mənbələri haqqında danışaraq, buna bütün dünyada böyük üstünlük verildiyini qeyd etdilər. Azərbaycandakı əlverişli iqlim şəraitindən istifadə etməklə, bu istiqamətdə tezliklə təkliflərin hazırlanmasının vacibliyi xüsusi vurğulandı. Elektrik enerjisinin adambaşına düşən istehsalına görə Azərbaycanın dünya dövlətləri arasında qabaqcıl yerlərdən birini tutduğunu, bir nəfərin payına düşən elektrik enerjisinin miqdarının 400 kVt-saatdan 2700 kVt-saata çatdırılacağı vurğulanmışdır.

Sonda müşavirə iştirakçıları respublika əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə artan tələbatını ödəmək üçün bütün qüvvələrini səfərbər edəcəklərini, Azərbaycanın firavan gələcəyi naminə qarşılarına qoyulan tapşırıqların layiqincə həll olunmasında qüvvələrini əsirgəməyəcəklərini bildirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.