REGİONLAR
Prezidentin Sərəncamı Basqal qəsəbəsinin tədqiqinə və inkişafına əlavə təkan verib
İsmayıllı, 7 oktyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin və Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun Basqal qəsəbəsinin Bazar meydanı tarixi məkanında “Basqal mədəni irsi” mövzusunda seminar keçirilib və yerli sakinlərin istehsal etdikləri məhsulların sərgisi təşkil olunub.
Tədbirə Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universieteti Şamaxı filialının müəllim və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, turistlər və Basqal qəsəbəsinin ayrı-ayrı yerlərdə yaşayan sakinləri də qatılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açaraq, seminarın Prezident İlham Əliyevin “Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” 2018-ci il 3 oktyabr tarixli Sərəncamının bir illiyinə həsr olunduğunu bildirib. F.Xəlilli Sərəncamdan irəli gələn mühüm mühafizə və tanıtım tədbirlərinin görüldüyünü, oktyabr ayında, xüsusilə ətraf rayon və kəndlərdə “Basqal mədəni irsi” adı altında seminar və səyyar sərgilər kimi maarifləndirmə tədbirlərinin keçiriləcəyini deyib.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Mustafayev Basqalın tarixi hissəsinin memarlığının tipologiyası, bərpa və konservasiya məsələləri haqqında məlumat verib, artıq təlimat kitabının hazırlandığını və beynəlxalq mütəxəssislərə redaktə üçün təqdim olunduğunu bildirib.
Mərkəzin şöbə müdiri Samir Ağasiyev yerli sakinlərin tikinti və layihələndirmə ilə bağlı suallarının operativ cavablandırılmasından, Basqalın tarixi landşaftını birgə qorumağın yollarından danışıb. Dövlət Turizm Agentliyinin Basqalın tarixi hissəsinin infrastrukturunu yeniləmək və yenidən qurmaq üçün layihələrinin hazır olduğunu, yaxın gələcəkdə işlərin başlanacağını vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev seminar iştirakçılarına Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə Basqalın tarixi hissəsində apardıqları arxeoloji kəşfiyyat qazıntısı haqqında məlumat verib. Hamam yaxınlığında kürəbənd sistemini, Şeyx Məhəmməd məscidinin qalıqları altında daha köhnə binanın hissələrini, Qalabaşı adlı yerdə qala divarının bir hissəsini öyrəndiklərini bildirib. Həmçinin bir neçə gündən sonra yeni qazıntıların başlanacağını elan edib.
Daha sonra AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, professor Kübra Əliyeva, Basqal əsilli yazıçı-publisist Miryavər Hüseynov, Basqal qəsəbə icra nümayəndəsi Novruz Əsədov, qəsəbə sakinləri Qalib Qəhrəmanov, Həsən Abdullayev çıxış edərək, dövlət başçısının Sərəncamından sonra qəsəbədə görülən işlərdən danışıblar.
Seminar çərçivəsində yerli sakinlərin və geniş ictimaiyyətin Basqalda mədəni irsin qorunması, mədəni landşaftın hazırkı vəziyyəti və perspektivlər haqqında sualları, təklif və tövsiyələri dinlənilib.
Bazar meydanında Basqal kəlağayıları, Basqalda hazırlanan müxtəlif meyvələrin məti, Basqal halvası və digər yerli məhsulların satış sərgisi də baş tutub. Qonaqlar ləziz Basqal pip dolmasını da dadıblar.
Seminar iştirakçıları Basqalın tarixi binaları, arxeoloji qazıntı sahələri, kəlağayı istehsal sexləri ilə tanış olublar. Daha sonra Basqalətrafı abidələrdən biri olan Kələzeyvə xanəgahı və kitabəsində “Mustafa xan Şirvanşah” yazılan türbəyə baş çəkilib.