REGİONLAR
Prezidentin Sərəncamı Yevlax şəhərinin sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb
Yevlax, 14 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin "Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında" 2019-cu il 13 noyabr tarixli Sərəncamı Yevlax şəhər sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb. Sərəncama əsasən, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, layihə üzrə ilkin işlərə bu ayın sonunda başlanacaq. Yevlax şəhərində 120 kilometrdən çox su şəbəkəsi çəkiləcək. Kanalizasiya sistemi üzrə hazırda layihələndirmə işləri aparılır. Gələcəkdə tullantı sularını təmizləyəcək qurğunun tikintisi də nəzərdə tutulur. İşlər mərhələ ilə icra olunacaq və 2021-ci ildə layihənin icrasının tam başa çatdırılması planlaşdırılır.
Yevlax sakinləri bu Sərəncamı dövlətimizin başçısının bölgələrə göstərdiyi böyük diqqət və qayğısının parlaq təcəssümü kimi dəyərləndirirlər. Yevlax şəhər Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev deyib: "Respublikanın bütün bölgələrində geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, əhalini narahat edən problemlər həll olunur. Biz yevlaxlılar da dövlətimizin başçısının diqqət və qayğısını daim üzərimizdə hiss etmişik. Prezidentin Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı Sərəncamı Yevlax şəhər sakinlərinin böyük sevincinə səbəb olub. Bu diqqət və qayğıya görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm".
Respublikanın Əməkdar müəllimi Əmiraslan Bəşirov isə deyib: "Yevlax şəhər sakinləri su və kanalizasiya sarıdan çox çətinlik çəkirdi. Prezidentimiz son Sərəncamı ilə yevlaxlılara böyük sevinc bəxş etdi. Su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması sakinlərin rahatlığına səbəb olmaqla yanaşı, şəhərin sosial-iqtisadi inkişafına da töhfə verəcək".