CƏMİYYƏT
Prezidentin Sərəncamı ilə təltif edilmiş tibb işçilərinə medal və fəxri adlar təqdim edildi
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş tibb işçilərinə medal və fəxri adların təqdim edilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilib.
Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, qurumun struktur bölmə rəhbərləri və təltif edilən tibb işçiləri iştirak edib.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, V.Qurbanov səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədinin ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarət olduğunu bildirib. O, ölkəmizdə səhiyyənin inkişaf etdirilməsi, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi, həmçinin həkimlərin sosial rifahının yaxşılaşdırılması üçün atılan addımların ölkə başçısının tibb sahəsinə göstərdiyi yüksək qayğının təcəssümü olduğunu qeyd edib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyun tarixli Sərəncamı ilə təltif edilmiş TƏBİB-in tabeliyində çalışan 19 tibb işçisinə medal və fəxri adların diplomları təqdim edilib.
Tədbirdə təltif edilənlər adından çıxış edən Nərimanov Tibb Mərkəzinin həkim-qastroenteroloqu Elçin İsayev tibb işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, həyata keçirilən tibbi islahatlar fonunda xidmət keyfiyyətinin yaxşılaşdırılması, həkimlərin sosial rifahının artırılması istiqamətində atılan addımlardan danışıb.
Qeyd edək ki, səhiyyə işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 14 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 2 nəfər “Əməkdar tibb işçisi”, 3 nəfər isə “Əməkdar həkim” adına layiq görülüb.