SİYASƏT


Prezidentin göstərişləri ölkəmizin sürətli inkişafına və vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına hesablanıb

Bakı, 28 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl Rayon İcra hakimiyyətlərinin yeni başçılarını vəzifəyə təyin olunmaları ilə əlaqədar qəbul edərkən ciddi tapşırıqlar verdi. Bu tapşırıqlar kifayət qədər əhatəli və əhəmiyyətlidir. Eyni zamanda, bu tapşırıqlar yalnız yeni təyin olunan rayon icra hakimiyyətləri başçılarına deyil, vəzifədə olan hər kəsə ünvanlanıb. Prezidentin göstərişləri ölkənin inkişafı və vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına hesablanıb.

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Şahin İsmayılov AZƏRTAC-a açıqlamasında deyib.

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində uğurlu nəticələrin əldə edildiyini vurğuladığını deyən deputat bildirib ki, bu nailiyyətlər arasında kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsi, infrastruktur layihələrinin icrası və sosial inkişafla bağlı görülən çoxsaylı tədbirləri qeyd edib. Bildirib ki, ötən dövrdə elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su, sosial infrastruktur layihələri icra olunub, rayonlarda müasir xəstəxana, tibb ocaqları və məktəblər inşa edilib. Prezident İlham Əliyevin tapşırıqlarından biri də ondan ibarətdir ki, bu işlərin həcmi və keyfiyyəti artsın və vətəndaşların bütün problemləri öz həllini tapsın. Müasir idarəetmə qaydalarının tətbiqi ilə buna nail olmaq mümkündür.

“Sosial ədalət prinsipinə əməl edilməsi, yeni iş yerlərinin yaradılması və sahibkarlığın inkişafı üçün müxtəlif addımların atılması da tapşırıqlar sırasında diqqət çəkir. Prezident bildirdi ki, icra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir və bəzi hallarda baş verən müəyyən qanunsuz tələblərə son qoyulmalıdır. Xüsusən də Göygöl, Masallı və Lerik kimi turizm potensialı olan rayonlarda bu öz bəhrəsini qısa zamanda verəcək. Dövlət yol infrastrukturu və bu kimi digər lazımi işləri görüb. Regionların inkişafı üçün sahibkarlarla səmərəli əməkdaşlıq qurmaq mühüm amildir. Bu yeni iş yerlərinin açılmasında da xüsusi rol oynayır”, - deyə Ş.İsmayılov bildirib.

Deputat qeyd edib ki, dövlət başçısı şəhid ailələri və müharibə iştirakçılarına qayğı göstərilməsi ilə bağlı məsələlərə də toxunaraq vacib tapşırığını bir daha xatırlatmış oldu. “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub” deyən Müzəffər Ali Baş Komandan xüsusilə bu məsələ ilə bağlı hər zaman effektiv iş görülməsinin vacibliyini vurğuladı.

“Dövlət idarəçiliyində təmsil olunan hər bir kəsin qarşısında duran əsas vəzifələrdən biri də Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirməkdir. Bu tapşırıqlar ölkənin inkişafı və insanların əmin-amanlığı üçün lazım olan bütün işləri əhatə edir”, - deyə Ş.İsmayılov vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.