ELM VƏ TƏHSİL
Prezidentin imzaladığı fərman və sərəncamlar 2019-cu ilin böyük sosial səmərəlilik ili olacağının sübutudur
Bakı, 8 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, mayın 3-də Prezident İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu Sərəncam bir daha ölkəmizdə sosial siyasətin prioritet istiqamət olduğunu göstərdi. Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər. Ölkə rəhbərinin son 15 ildə apardığı siyasət nəticəsində orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb.
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov AZƏRTAC-a açıqlamasında bildirib ki, hər hansı sosial paketin icrası üçün iqtisadi əsasların olması şərtdir. Yalnız bu ilin yanvar ayının göstəriciləri Azərbaycana bundan sonra da sosial sahədə islahatları davam etdirməyə imkan verir. Yanvarda ölkədə ümumi daxili məhsul 3, qeyri-neft istehsalı 14 faiz artıb. Bu, son 2-3 il ərzində qeydə alınan ən yüksək göstəricidir. Bundan başqa, vergi və gömrük orqanlarından ümumilikdə büdcəyə 105 milyon manat əlavə vəsait daxil olub. Məhz ölkənin iqtisadi gücünə əsaslanan dövlət başçısının müvafiq sərəncamları ilə martın 1-dən şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün məbləği 242 manat deyil, 300 manat, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manat yox, 300 manat məbləğində hesablanmağa başlanılıb. Minimum əməkhaqqı və pensiyalarda 40 faizədək artım olub ki, bu da ümumilikdə 800 mindən çox insanı əhatə edib. Eyni zamanda, 2019-cu il aprelin 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğində 50 faizlik artım olub.
Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları ilə təxminən 100 minə yaxın tələbənin təqaüdü əhəmiyyətli dərəcədə artırılıb. Ölkə rəhbərinin ilin əvvəlindən başlayaraq imzaladığı müvafiq fərman və sərəncamlar 2019-cu ilin böyük sosial səmərəlilik ili olacağının sübutudur.