CƏMİYYƏT


Prezidentin imzaladığı yeni Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunması məqsədini daşıyır

Bakı, 19 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən imzalanmış əhalinin sosial rifahının daha da gücləndirilməsinə yönəlik Sərəncam ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Bu gün dünya iki qlobal problemlə COVID-19 və maliyyə böhranı ilə mübarizə aparır. Qeyd etmək lazımdır ki, on ilə yaxındır dünyanı bürüyən maliyyə böhranı pandemiya dövründə daha da dərinləşdi və hətta ən inkişaf etmiş ölkələrdə belə çox ciddi problemlər yaratdı. Sözsüz ki, bu problemlər dünyanın bir parçası olan ölkəmizdən də yan keçmədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib.

Onun sözlərinə görə, bütün bunlardan başqa, ötən il 44 günlük Vətən müharibəsindən sonra böyük Qayıdış üçün azad olunmuş torpaqlarda aparılan quruculuq işləri dövlət üzərində, büdcəsində çox ağır yükdür. Bütün bunlara baxmayaraq, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin təməlində hər zaman olduğu kimi, əsas istiqamət hətta ən çətin vəziyyətlərdə belə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, həssas qrupun üzləşəcəyi problemin minimuma endirilməsi olub. Bu mənada Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunması məqsədini daşıyır.

Milli Məclisin deputatı bildirib ki, bu gün bütün dünya ölkələrində, hətta Avropanın inkişaf etmiş ölkələrində enerjidən tutmuş ərzağa, daşınmaz əmlakadək çox ciddi bahalaşma gedir. Sözsüz ki, belə proseslər bizim ölkəmizə də təsir edir. Bu səbəbdən Prezident İlham Əliyevin verdiyi bu Sərəncam vətəndaşına, onun sosial qrupuna olan diqqətinin və qayğısının nəticəsidir. Məhz Sərəncamdan irəli gələrək Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün konkret təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Artıq Sərəncamdan irəli gələn təkliflərin hazırlanmasına başlanılıb.

M.İbrahimqızı qeyd edib ki, sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu Sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir. Bildiyimiz kimi sosial sahədə aparılan islahatlar xüsusilə son illərdə inqilabi xarakter alıb. Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39, əmək pensiyalarının orta məbləği 60 faiz, sosial müavinətlərin orta məbləği 2, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5 faizdən 2020-ci ildə 38 faizə yüksəlib. Son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb. “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.