SİYASƏT
Prezidentin köməkçisi: Azərbaycan Ordusu düşməndən fərqli olaraq mülki insanları və obyektləri hədəfə almır
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Ordusu mülki insanları və obyektləri hədəfə almır, işğalçını sülhə məcburetmə əməliyyatı həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bunu noyabrın 3-də keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan Xankəndi və digər yaşayıq məntəqələrində mülki obyektlərə zərbə endirilməsi barədə yalan məlumat yayır. “Biz mülki insanlarla müharibə aparmırıq, yalnız oradakı legitim hərbi hədəflərə zərbə endirilir. Azərbaycanda əsirlikdə olan erməni hərbçilər də hər hansı fiziki, psixoloji təzyiqlərdən kənardır. Biz bu sahədə üzərimizə düşən beynəlxalq öhdəliklərdən çıxış edirik. Azərbaycanla Ermənistan arasında olan əsas fərq də budur. Elə humanitar siyasətin nümunəsi olaraq bir müddət əvvəl Azərbaycanda olan 30 erməni hərbçisinin cəsədinin də Ermənistana verilməsi təmin olunub”, - deyə Hikmət Hacıyev qeyd edib.