SİYASƏT
Prezidentin köməkçisi: Azərbaycan tərəfi münaqişə ilə bağlı imitasiya xarakterli danışıqlarda iştirak etmək fikrində deyil
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etmək fikrində deyil.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı bildirib.
Prezidentin köməkçisi deyib ki, danışıqlar Minsk qrupunun mandatına uyğun çərçivədə aparılmalıdır. Minsk qrupunun mandatı beynəlxalq prinsipləri, Helsinki Yekun Aktını, BMT-nin qətnamələrini əsas tutaraq danışıqları aparmaqdır.
“Azərbaycan tərəfi gözləyir ki, Minsk qrupunun həmsədrləri öz səylərini artırsınlar və danışıqlar daha intensiv aparılsın. Minsk qrupu prosesində 11 dövlət iştirak edir və bu dövlətlərin hər birinin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var”, - deyə Hikmət Hacıyev qeyd edib.