Prezidentin köməkçisi: Azərbaycanın mülki əhalisinə qarşı hücumlar vandalizm aktıdır, barbarlıqdır
AzerTAg.az

Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycanın mülki əhalisinə qarşı hücumlara görə Ermənistanın siyasi-hərbi rəhbərliyi və qondarma rejimin rəhbərliyi məsuliyyət daşıyır. Bütün bunların törədilməsində məqsəd Azərbaycan xalqını təşvişə salmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, bu, vandalizm aktıdır, barbarlıqdır. Ermənistanın istifadə etdiyi raketlər çox köhnədir və ona görə də hədəfə çata bilmir. Amma bəzi raketlər hədəfə çatır və mülki əhali zərər çəkir. Bu zərbələrin bir çoxu Ermənistan ərazisindən həyata keçirilir. Bu, beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti müharibə, təcavüz aktıdır. Bu, Ermənistan rəhbərliyinin sivil qaydalardan nə qədər uzaq olduğunu bir daha göstərir. Onlar riyakarlıq nümayiş etdirərək Azərbaycanda mülki əhalini yenidən hədəfə alırlar.
Xəbərin mətnində orfoqrafik səhv var