SİYASƏT


Prezidentin köməkçisi: Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi daha da artırır VİDEO

Bakı, 14 oktyabr, AZƏRTAC

Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən “Smerç” raketlərindən istifadə edir. Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 14-də xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər şəhərləri atəşə tutur, gərginliyi daha da artırır. Hazırda münaqişə öz ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Ermənistan öz ərazisindən Azərbaycanı atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün raketləri hazır vəziyyətə gətirib. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur, çünki beynəlxalq hüquqa əsasən, təhlükəsizliyi təmin etmək üçün ölkəmiz təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququna malikdir. Ermənistan səhər saatlarında da Azərbaycanın mülki əhalisini vurmaq üçün raket komplekslərini hazır vəziyyətə gətirmişdi. Azərbaycan təhlükə mənbəyini neytrallaşdırmaq üçün beynəlxalq hüquqdan istifadə edərək tədbirlər görüb. Çünki biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalini hədəf alır, xeyli sayda mülki insan həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.