SİYASƏT


Prezidentin köməkçisi: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc yaşayış məntəqələrinə hərbi təcavüzü davam edir

Bakı, 28 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc yaşayış məntəqələrinə hərbi təcavüzü davam edir.

AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, Ermənistan hərbi birləşmələri Azərbaycanın Gəncə şəhərində, Bərdə və digər rayonlarında dinc sakinləri atəşə tutur. Dünən Bərdəyə atılan raket nəticəsində biri uşaq olmaqla 4 nəfər həlak olub, 14 nəfər mülki şəxs yaralanıb. Bu gün Ermənistanın daha bir terrorunun şahidi olduq. Onlar Bərdədə dinc sakinləri yenidən atəşə tutublar. Əsasən şəhərin mərkəzinə raket zərbələri endirilib, ölən və yaralananlar var. Bu dünya bəşəriyyətinə qarşı atılan addımdır.

Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfi, həmçinin dünyanın mədəni irsinə də təcavüz edir. Beynəlxalq humanitar hüququn normalarında da birmənalı olaraq mədəni irsin qorunmasına dair müddəalar var. Ermənistan bu müddəaları da pozur. Biz, ümumiyyətlə, mədəni irsə qəsdin şahidi oluruq. Ermənistanın davam edən təcavüzkarlığı insanlara dünyasını dəyişən qohumlarının məzarlarını ziyarət etməyə də imkan vermir. Qəbiristanlıqlar, qəbirüstü abidələr atəşə tutulur, dağıdılır. Ermənistan işğal olunan ərazilərdə də mədəni, dini abidələri məhv edib. Şuşadakı məscidin dağıdılması bunun bariz nümunəsidir. Müqəddəs məbədlərdə mal-qara saxlayan Ermənistan təkcə insanlara deyil, həm də mədəni irsə təcavüz edir. Münaqişə başlayandan indiyə kimi Azərbaycan UNESCO-nun mədəni abidələrinin qorunması müddəalarına əməl edir. Mədəni abidələrin qəsdən dağıdılması cinayətdir. Hazırda Azərbaycan Silahlı Qüvvələri sülhməramlı niyyətini həyata keçirir, sülhün bərqərar olunmasını istəyir. Ermənistan isə təcavüzünü davam etdirir. Füzuli, Cəbrayıl, Zəngilan və işğaldan azad olunmuş digər ərazilərdə biz bu faktların şahidi olmuşuq. Dini abidələrdə mal-qara saxlamaq da bir qəsddir.

Prezidentin köməkçisi bildirib ki, Gəncə şəhərindəki məbəd də Ermənistan tərəfindən dağıntıya məruz qalıb. Bunu təəssüf hissi ilə qeyd edirik və dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Azərbaycan tərəfindən heç bir mədəni abidə dağıdılmayıb. Əksinə, həmin abidələrin qorunması üçün əlimizdən gələni əsirgəmirik. Əgər bu, davam edərsə, Ermənistan daha çox abidənin dağıdılmasına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.