SİYASƏT
Prezidentin köməkçisi: Ermənistanın baş naziri hər fürsətdə yalan, riyakarlıq və xalqını aldatmaqla məşğuldur VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Dünən Ermənistanın baş naziri öz xalqını təşvişə salacaq formada “Facebook” hesabında paylaşımlar etmişdi. Bu paylaşımlara görə, hansısa dronlar Yerevan üzərində hərəkət edirdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 2-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Hikmət Hacıyev deyib: “Dövlətimizin başçısı tərəfindən qeyd edildiyi kimi, Ermənistanın baş naziri hər bir fürsətdə yalan, riyakarlıq və xalqını aldatmaqla məşğuldur. Ermənistan Müdafiə Nazirliyi tərəfindən guya bu dronların vurulması barədə videolar hazırlandı. Lakin bir müddət sonra bu videoların fotoskop olduğu üzə çıxdı və onların silinməsi tələb olundu. Bu, bir daha göstərir ki, yalan əsasında qurulmuş ssenari idi. Onların hər bir yalanı ifşa olunur”.
Prezidentin köməkçisi, həmçinin bildirib ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim erməni xalqı, mülki əhali ilə işimiz yoxdur. Mülki şəxsləri hərbi obyektlərdən kənar durmağa çağırırıq. Belə olan halda onların da təhlükəsizliyi təmin oluna bilər.