SİYASƏT
Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın təxribatları ilə bağlı “Al Jazeera” telekanalına müsahibə verib VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Al Jazeera” telekanalına müsahibə verib.
Müsahibədə qeyd olunur ki, 30 ilə yaxındır Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Azərbaycan torpaqlarının işğalı nəticəsində dinc sakinlərimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib. İşğal olunmuş ərazilərdə bir milyon azərbaycanlı etnik təmizlənməyə məruz qalıb. Buna görə də Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını həyata keçirməklə, ilk növbədə, Ermənistanın Azərbaycana qarşı təxribatlarını dəf etmək, gözlənilən təcavüzkarlıq hərəkətlərinin qarşısını almaq, eləcə də Ermənistanı sülh danışıqlarına məcbur etmək məqsədini güdür.
“Çünki sülh danışıqları da Ermənistanın məqsədyönlü və destruktiv mövqeyi ucbatından iflasa uğrayır. Hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən hər hansı real danışıqlar mövcud deyil. Buna görə də məqsədimiz, ilk növbədə, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və Azərbaycanın 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarını erməni işğalından azad etməkdir”, – deyə Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan tərəfi mülki vətəndaşlarımıza qarşı hücumları davam etdirir. Öz suveren torpaqlarına qayıtmaq hüququna malik olan azərbaycanlı qaçqın və məcburi köçkünlər Ermənistanın həmin əraziləri işğal altında saxlaması səbəbindən öz torpaqlarına geri qayıda bilmirlər.