SİYASƏT
Prezidentin köməkçisi: Yoluxma hallarının azalması vətəndaşlarımızın mövcud karantin rejiminin şərtlərinə riayət etməsinin nəticəsidir
Bakı, 15 avqust, AZƏRTAC
Dünyada koronavirusa qarşı mübarizə və virusun yayılması tendensiyasına baxdıqda görürük ki, dünya üzrə yoluxma sayı 21 milyondan çoxdur, həmçinin ölüm sayı 800 minə yaxındır. Beləliklə, koronavirusla mübarizə hələ də beynəlxalq gündəlikdə əsas məsələ kimi qalmaqdadır. Azərbaycan da beynəlxalq miqyasda koronavirus pandemiyası ilə əlaqədar gedən prosesləri yaxından izləyir, tərəfdaş ölkələrlə, beynəlxalq təsisatlarla məsləhətləşmələri davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.
Hikmət Hacıyev deyib: “Bundan əvvəlki dövrdə bir sıra ölkələrdə karantin rejimi aradan qaldırılmışdı. Lakin həmin ölkələrdə yoluxma hallarının artması ilə əlaqədar yenidən karantin rejiminin tətbiqi müşahidə olunur. Görülən tədbirlər nəticəsində Azərbaycanda yoluxma hallarının azalmasına nail olundu. Ancaq buna baxmayaraq, hər birimiz daha da ehtiyatlı olmalıyıq. Yoluxma hallarının azalması vətəndaşlarımızın mövcud karantin rejiminin şərtlərinə riayət etməsinin nəticəsidir. Lakin günlərdən fərqli olaraq bəzən bu rəqəmlərdə cüzi də olsa artma müşahidə olunur. Bu da vətəndaşların fəallıq dinamikası ilə bağlıdır. Bir daha vətəndaşlarımızdan maskalardan istifadəyə, sosial məsafəyə, gigiyena qaydalarına riayət etmələrini xahiş edirik”.