ELM VƏ TƏHSİL


Prezidentin siyasətinin mərkəzində ancaq bir qüvvə – Azərbaycan vətəndaşı dayanır

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-i dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili tamam olur. Ötən bir ilə nəzər saldıqda, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdiyinin, beynəlxalq mövqeyimizin daha da möhkəmləndiyinin şahidi oluruq.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün məhz ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və qayğısı əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində yeni uğurların əldə olunmasına gətirib çıxarır.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər bir islahat, ilk növbədə, Azərbaycanın parlaq gələcəyinə hesablanıb.

Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də həyata keçirdiyi istiqamət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin düşünülmüş, ardıcıl və məntiqi davamıdır.

Son 16 ildə Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik müxtəlifliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafını təmin edib.

Bu illər ərzində Prezident İlham Əliyevin sərəncamları ilə tarixi dini abidələr, ziyarətgahlar bərpa edilib, milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilib. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu diqqət və qayğının parlaq nümunəsidir.

Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək milli-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.

İnstitutun yaradılması, dövlətimiz tərəfindən tam ödənişsiz dini təhsilin verilməsi dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının ən böyük təzahürlərindən biridir.

Son bir ildə Prezident İlham Əliyev tərəfindən görülən işlər, həyata keçirilən inkişaf konsepsiyası, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində atılan addımlar göstərdi ki, müəyyənləşdirilən dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə – Azərbaycan vətəndaşı dayanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.