SİYASƏT
Prezidentlərin qarşılıqlı səfərləri Azərbaycan-Vyetnam əməkdaşlığının ən yüksək səviyyəsinin göstəricisidir VİDEO
Hanoy, 29 may, AZƏRTAC
Vyetnamın paytaxtı Hanoyda Azərbaycanın milli bayramı – Respublika Gününə həsr olunan rəsmi qəbul keçirilib.
Qəbulda Vyetnam Prezidenti ofisinin, Nazirlər Kabinetinin, parlamentin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, diplomatlar, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunları iştirak ediblər.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, onun dövlətçilik ənənələrindən söhbət açıb. Səfir müstəqil dövlətçiliyimizin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətləri və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti sayəsində qazanılan nailiyyətlər, ölkəmizin liderliyi ilə həyata keçirilən böyük enerji və infrastruktur layihələri, habelə Ermənistanın ərazilərimizə qarşı hərbi təcavüzü və onun ağır nəticələri barədə geniş məlumat verib.
A.İmanov Azərbaycan-Vyetnam münasibətlərindən danışaraq, ölkələrimiz arasında son illərdə əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. O deyib ki, son bir ildə Azərbaycan və Vyetnam prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisidir. Bundan başqa, ölkələrimizin hakim partiyaları və parlamentləri arasında sıx əlaqələr var, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir.
Vyetnamın xarici işlər nazirinin müavini Nquyen Kuok Kuonq Azərbaycan Prezidentini və xalqını əlamətdar gün münasibətilə təbrik edib. O, tədbirə gəlməzdən öncə Vyetnam Prezidenti ilə görüşdüyünü və onun ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluğunu ifadə etdiyini bildirib, Prezidentin şəxsi təbriklərini çatdırıb.
Nazir müavini Vyetnam ilə Azərbaycan arasında tarixən dostluq münasibətlərinin mövcud olduğunu və son illər ölkələrimizin siyasi, iqtisadi və ticari münasibətlərinin inkişaf etdiyini bildirib. O, son bir ildə hər iki ölkə başçılarının qarşılıqlı səfərlərinin bütün sahələr üzrə ikitərəfli münasibətlərin inkişafı üçün yeni mərhələnin əsasını qoyduğunu vurğulayıb.
Tədbirdə ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyi haqqında məlumat verilib, Oyunlar barədə video nümayiş etdirilib.
Mərasimdə Azərbaycanın tarixini, mədəniyyətini, müstəqilliyin bərpasından sonra qazandığı uğurları əks etdirən film göstərilib, milli musiqilərimiz səsləndirilib. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy