ELM VƏ TƏHSİL
“ProctorDİM” xüsusi proqram təminatı vasitəsilə növbəti onlayn sınaq imtahanı təşkil olunacaq
Bakı, 25 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən hazırlanmış “ProctorDİM” adlı xüsusi proqram təminatı vasitəsilə növbəti onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında iyunun 5-də və 8-də təqdim olunmuş test tapşırıqlarından istifadə ediləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, daha əvvəlki imtahanlarda iştirak edənlərin yeni imtahana yazılmasına icazə verilmir.
İmtahana qeyd olunan vaxtda iştirak etmək imkanı olan, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanını verməli olan şəxslərin yazılması tövsiyə olunur.
Yalnız hazırda 11-ci sinifdə oxuyan şagirdlər (abituriyentlər) imtahana yazıla bilərlər. İmtahandan öncə kompüterdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə tanış olmaq lazımdır. Əks halda imtahanı vermək mümkün olmayacaq.
İmtahanda iştirak ödənişsizdir. Qeydiyyat iyunun 29-u saat 12:00-dək aparılır. İmtahanın iyunun 30-da saat 12:00 da keçirilməsi nəzərdə tutulur. Hələlik 1000 istifadəçinin iştirakı planlaşdırılır.
Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan sonra linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.
İstifadəçilər, həmçinin “ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).
Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir. Bundan əlavə, bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır. İmtahanda bəzi istifadəçilər üçün proqramı işə saldıqdan sonra açılan səhifədə 2 pəncərə olacaq. Bunlardan birində üztanıma və imtahan səhifəsi, digərində isə nəzarətçi ilə canlı bağlantı yarada bilmək üçün “Zoom” proqramına qoşulma pəncərəsi yer alacaq. “Zoom” pəncərəsi aktiv edilməyən istifadəçilər üztanıma prosesindən keçdikdən sonra imtahana başlaya bilərlər. “Zoom” səhifəsi açılarsa, həmin səhifədə ad və soyadı yazaraq nəzarətçi ilə canlı bağlantı yaratmaq mümkün olacaq. “Zoom” proqramında əvvəlcədən qeydiyyatdan keçmək tələb olunmur.
Qeyd edək ki, imtahan iştirakçıları proqram vasitəsilə Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını verirlər.