ELM VƏ TƏHSİL


Professor Abdullah Gündoğdu: Bizə qarşı soyqırımı törədən də, haqsız düşmənçilik yaradan da ermənilərin özləridir

Ankara, 21 fevral, AZƏRTAC

Azərbaycan tərəfi Cümhuriyyət dövründə olduğu kimi, ötən əsrin sonlarında, dövlət müstəqilliyini bərpa etdiyi illərdə də erməni təcavüzkarlığı ilə üz-üzə qaldı. Nəticədə Azərbaycan torpaqlarının iyirmi faizi təcavüzkar dövlət tərəfindən işğal olundu, bir milyondan çox soydaşımız yurd-yuvasından qovuldu, 1992-ci ildə Xocalı soyqırımı törədildi. Bütün bu hadisələrin başvermə səbəblərinə aydınlıq gətirmək üçün Ankara Universitetinin professoru, tarix elmləri doktoru Abdullah Gündoğduya müraciət etdik. İlk sualımız saxta “erməni məsələsi”nin müasir vəziyyəti ilə bağlı oldu. Müsahibəni təqdim edirik:

-Abdullah bəy, artıq yüz ildən çox zaman kəsiyində saxta “erməni soyqırımı” mövzusu Türkiyə ictimaiyyətinin zehninə yük olmaqdadır. Sizcə bu proses nə vaxtadək davam edəcək?

-Saxta “erməni məsələsi” erməni millətçi dairələrinin və din xadimlərinin süni şəkildə ortaya atdıqları bir prosesdir. Uydurma “erməni soyqırımı” məsələsi də bu xülyadan doğub. Dünyadakı ikili standartlar, erməni lobbiçilərinin saxta “erməni məsələsi”ndən davamlı olaraq bəhrələnməsi və s. məqamlar erməni toplumunda saxta türk düşmənçiliyinin getdikcə dərinləşməsinə səbəb olur. Faktiki olaraq nə Ermənistan dövləti, nə də erməni lobbiçiləri Türkiyə ilə normal münasibətlərdə maraqlı deyillər.

-Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

-Saxta “erməni məsələsi”ndən doğan bütün problemləri dəf etmək üçün Azərbaycan və Türkiyə vahid yol xəritəsi üzrə hərəkət etməlidir. Əgər ermənilərin təxminən iki yüz illik fəaliyyətinə nəzər yetirsək aydın görərik ki, burada bir davamlılıq var. Bizim bu problemlərin qarşısını almaq üçün gördüyümüz işlər isə daha çox mövsümi xarakter daşıyır. Beynəlxalq ictimaiyyət, elmi dairələrlə konkret konsepsiyalar üzərində ayrı-ayrılıqda iş aparılmalıdır.

-Ermənistanın təcavüzkar siyasətini ifşa etməyin yolunu necə görürsünüz?

- Ermənistan işğalçı, terroru dəstəkləyən, nasizm ideyaları ilə yaşayan bir dövlətdir. Azərbaycan torpaqlarının iyirmi faizinin işğal edilməsi, bir milyondan çox azərbaycanlının öz yurd-yuvasından didərgin salınması, XX əsrin ən amansız bəşəri cinayətlərindən olan Xocalı soyqırımının törədilməsi, Ermənistanın monoetnik ölkəyə çevrilməsi dediklərimə əyani sübutdur. Xocalı soyqırımı ermənilərin insanlıq əleyhinə törətdikləri elə bir cinayətdir ki, bu ləkə heç zaman təmizlənə bilməz. Bütün bu bəşəri cinayətləri müasir dünyanın gözü qarşısında həyata keçirən Ermənistan hakimiyyəti tərəfindən işğalçı ölkədə türk xalqının ən ləyaqətli dövlət və siyasi xadimlərindən biri, Osmanlı dövlətinin Baş Naziri Mehmet Tələt paşanın qatili Soğoman Tehliryana və Hitler faşizminin ən güclü dayaqlarından olan terrorçu Njdeyə abidə ucaldılıb. Bütün bunları dünya ictimaiyyəti görmürmü? Təbii ki, görür. Deməli, bu faktlardan daha düzgün şəkildə istifadə olunmalıdır ki, dünya ictimaiyyəti Ermənistanın terrorçuluğuna göz yuma bilməsin.

-Sizcə, Tələt paşa şəxsiyyətinə qarşı təhqiramiz heykəl qaldırılmasının məqsədi nədir?

- Türk xalqı olaraq tarixin bütün dövrlərində bizim torpaqda yaşayan xalqlara doğmalıq göstərmişik. Osmanlının humanizm siyasətindən ən çox bəhrələnən ermənilər olub. Təəssüf ki, bunun qarşılığında xəyanətlə üzləşmişik. Ermənilərin iddia etdiyi “soyqırımı” saxta və uydurmadır. Türkiyə arxivlərində sayı-hesabı bilinməyən sənədlər bu iddianın saxta olduğunu ortaya qoyur. Bizə qarşı soyqırımı törədən də, ortada əsassız düşmənçilik yaradan da ermənilər özləridir. Tələt paşa şəxsiyyətinin bir heykəlin cizgisində təhqir olunmağına gəldikdə isə onu deyə bilərəm ki, bu, saxta “erməni məsələsi”nin tərkib hissəsi olan düşmənçiliyi dərinləşdirmək, erməni gənclərini terrora həvəsləndirmək cəhdidir.

-Professor, məzmunlu müsahibə üçün təşəkkür edirik.

-Mən də təşəkkür edirəm.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.