SİYASƏT
Professor Adil Allahverdiyev: Gəncədə təxribat törədənlər Azərbaycan dövlətinin düşmənləridir
İstanbul, 11 iyul, AZƏRTAC
Son günlər Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə bir-birinin ardınca törədilən qanlı hadisələrə kəskin şəkildə etirazımı bildirirəm. Bu hadisələri təşkil edən və törədənlər Azərbaycan dövlətinin düşmənləridir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə çalışan azərbaycanlı professor Adil Allahverdiyev deyib.
Bu cür hadisələrin təsadüfən baş vermədiyini bildirən Adil Allahverdiyev vurğulayıb ki, Azərbaycanın sürətli inkişafı, dövlətimizin regionda lider ölkəyə çevrilməsi, o cümlədən Avrasiya məkanındakı proseslərə təsir etmək imkanlarımızın genişlənməsi ilə düşmənlərimiz daha da fəallaşır. Təəssüf ki, düşmən tarixin bütün məqamlarında olduğu kimi, yenə də yerli manqurtlardan bəhrələnir.
Professor Adil Allahverdiyev fikirlərini belə tamamlayıb: “İstənilən xoşagəlməz hadisə Azərbaycandan kənarda olan soydaşlarımızı narahat edir. Gəncədə baş verənləri sonsuz üzüntü ilə izlədik. Əminəm ki, aidiyyəti orqanlar Gəncə hadisələrinin təşkilatçılarını və cinayətkarları tezliklə aşkar edəcəklər. Ölkəmizdə sabitliyin qorunması milli təhlükəsizliyimizin təminatıdır. İnanıram ki, Azərbaycan xalqı həmrəyliyik nümayiş etdirərək dövlətimizin müdafiəsində olacaq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul