CƏMİYYƏT


Professor Adil Məmmədov: Elmi-praktiki konfranslar təcrübə mübadiləsi baxımından çox faydalıdır

Bakı, 15 mart, Əziz Məmmədov, AZƏRTAC

Mən çox şadam ki, öz tarixi Vətənimin paytaxtında keçirilən tədbirdə - çənə-üz cərrahiyyəsi və ağız boşluğu cərrahiyyəsi problemlərinə həsr olunmuş I Beynəlxalq Elmi Konqresdə iştirak edirəm. Bakıya məmnuniyyətlə gəlirəm. Burada həmkarlarımla ünsiyyət saxlayır, təcrübə mübadiləsi aparırıq.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Elmi Konqresin iştirakçısı, bizim həmvətənimiz, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin uşaq stomatologiyası və ortodontiya kafedrasının müdiri, Rusiya Federasiyasının Əməkdar həkimi, çənə-üz cərrahı, tibb elmləri doktoru, professor Adil Məmmədov bu sözləri jurnalistlərə müsahibəsində söyləyib.

Professor A.Məmmədov deyib: “Beynəlxalq Konqresin proqramı çox genişdir. Biz bu Beynəlxalq Konqresdə təbabətin müxtəlif istiqamətləri üzrə öz klinikamızda edə bilmədiyimiz, lakin başqalarının etdiyi çox maraqlı işlərin nəticələri ilə tanış olduq. Ona görə də mütəxəssislərin iştirak etdiyi bu cür elmi-praktik konqreslər və konfranslar təcrübə mübadiləsi baxımından həm məruzəçilər, həm də dinləyicilər üçün faydalı olur. Anadangəlmə və irsi çənə-üz patologiyasından əziyyət çəkən uşaqların müalicəsi sahəsində böyük təcrübəm var. Ona görə də Azərbaycandakı bu cür uşaqlara çox kömək göstəririk, bəzi hallarda onları Moskvada əməliyyat edirəm”.

Məlumat üçün bildirək ki, Adil Məmmədov 500-ə yaxın elmi əsərin müəllifidir, 10 ixtira üçün müəlliflik şəhadətnaməsi, 2 patent verilməsi barədə müsbət rəy alıb. Onun qələminin məhsulları arasında uşaq stomatologiyası problemlərinin kompüter tətbiqi ilə həllinə dair 6 tədris-metodik tövsiyə və vəsait, informasiya materialları var. O, dodaq və damaq çapıqları olan uşaqların müalicəsi probleminə dair 95-dən çox cərrahi araşdırmanın müəllifidir. A.Məmmədov Rusiyada anadangəlmə dodaq və damaq çapıqları olan uşaqlara kömək göstərilməsi sistemini təcrübədə (2011-ci ildən) tətbiq etmiş yeganə mütəxəssisdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.