ELM VƏ TƏHSİL


Professor Əhəd Canəhmədovun “Mühəndisliyin fəlsəfəsi” traktatı çapdan çıxıb

Bakı, 12 mart, AZƏRTAC

Texnika elmləri doktoru, professor, bir sıra xarici ölkələrin akademiyalarının akademiki, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, “Science and Applied Engineering Quarterly” (İngiltərə) jurnalının baş redaktoru Əhəd Canəhmədovun “Mühəndisliyin fəlsəfəsi” - məkan, zaman və həyatın mənası haqqında elmi-fəlsəfi traktatı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, müəllif elmi-kütləvi traktatda bəşəriyyət tarixində ən tutarlı səhifələrdən birinə – əvvəlki nəsillərin nailiyyətləri olan elmin və müasir elmi biliklərin inkişaf tarixinə nəzər salır. Müəllif zamana görə səyahət edərək, oxucuları zaman oxu nəzəriyyəsinin valehedici paradiqması və entropiyası ilə tanış edərək, onları orta əsrlərin türkdilli dünyasında təbiətşünaslıq elminin ən maraqlı inkişaf yolu ilə aparır.

Əsərdə elmi-fəlsəfi sübutlarla Fövqəlmühəndisin (Yaradanın) mövcudluğuna və təkamülün anlaşılmasına nüfuz edilərək “Kainat niyə mövcuddur?”, “Keçmiş gələcəkdən nə ilə fərqlənir?” kimi suallara cavab axtarılır.

Bu traktat ruh, şüur, həyat və ölüm, həyatın mənası haqqında və bu kimi mühüm suallara cavab axtaranlar üçündür və dünyamızın təkrarolunmaz quruluşunun, elm və biliklə keçilmiş yolun dərk edilməsinə marağı olan geniş əhatəli oxucular üçündür.

Kitab elmin kütləviləşdirilməsi məqsədilə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, Əhəd Canəhmədov dünyanın bir sıra ölkələrində nəşr olunmuş 20-dən çox monoqrafiyanın, 3 elmi kəşfin və 400-dək elmi məqalə və patentin müəllifi və həmmüəllifidir.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Federasiyası dövlət mükafatları laureatı, akademik Boris Qusevdir.

“Ön söz”də akademik Boris Qusev azərbaycanlı alimi təxminən 15 ildir tanıdığını yazır. Bildirir ki, hələ o zaman Əhəd Canəhmədov artıq tanınmış alim, mexanik-triboloq idi. Onu elm sahəsinin mütəxəssis alimləri çox gözəl tanıyırdılar. Bu illər ərzində o, elmi-mühəndislik məktəbinin banilərindən biri kimi Azərbaycanın dünya şöhrətli alimi səviyyəsinə yüksələ bilmişdir. Onun monoqrafiyaları ingilis dilinə tərcümə olunaraq, ABŞ-ın məşhur “SPRINGER” nəşriyyatında və Avropa İttifaqı ölkələrində nəşr olunub. Bu yaxınlarda alim fundamental fəlsəfi traktatı olan “Mühəndislik fəlsəfəsi” əsərini başa çatdırıb.

“O, mənə bu traktatın elmi redaktoru olmağım üçün müraciət edəndə, mən cavab verdim ki, əsərlə tanış olduqdan sonra razılıq verə bilərəm. Traktatın əlyazması ilə tanışlıqdan sonra mən nəinki onun elmi redaktoru olmağa razılıq verdim, hətta kitaba “Ön söz” yazmaq qərarına gəldim. Ona görə ki, bu fəlsəfi düşüncələr mənə bir insan kimi, bir alim kimi çox yaxındır, doğmadır”, - deyə akademik Boris Qusev yazıb.

“Ön söz”də qeyd olunur ki, müəllif təbiət elmləri tarixində bütöv bir mərhələ təşkil edən hadisələrin mahiyyətini oxuculara çatdırmaqdan ötrü üç il ərzində ölçüyə gəlməz əmək sərf edib. O, “Mühəndislik fəlsəfəsi” traktatı üzərində çalışmağı haqqında yazdığı bənddə belə deyir:

Səma sirlərini açmaq üçün mən,

Üç il gecə-gündüz yandım, əridim

Nəhayət ömrümün şah əsərini

Ağ vərəq üstünə səhifələdim.

Boris Qusevin fikrincə, professor Əhəd Canəhmədova məhz “Mühəndislik fəlsəfəsi“ adlı elmi-fəlsəfi traktat daha geniş populyarlıq qazandırıb. Görkəmli alim oxuculara dünyanı tamamilə yeni mövqedən, daha dəqiq desək, mühəndislik fəlsəfəsi mövqeyindən izah etməyi və zaman-məkan, habelə Kainat haqqında qeyri-adi mülahizələrini nümayiş etdirmək istəmişdi. Ancaq bu iş o qədər də asan olmayıb. Alim fizika elminin fəlsəfə, texnika və riyaziyyatın din ilə sıx əlaqəsinə dair öz düşüncələrini açıqlamağa çalışıb. Görünür, müəllif tarixdə nüfuzlu şəxsiyyətlərin buraxdığı səhvlərin və bu səhvlərin üstündən tarixçilərin sükutla keçməsi faktının ortaya çıxarmaqdan zövq alır.

“Ön söz”ün müəllifi hesab edir ki, alim elmi-kütləvi janrın vasitəsilə hadisələrin mahiyyətini və insanın Kainatda yerinin müəyyənləşdirilməsini öz oxucularına çatdıra bilibdir. Professor Əhəd Canəhmədov kitabda yazıb: “Əgər “Mühəndislik fəlsəfəsi” sizin qəlbinizin dərinliyində və düşüncənizdə bir oyanış yaratmayıbsa – deməli siz onu başa düşməmisiniz”.

Oxuculara təqdim olunan bu yenidən işlənib hazırlanmış və təkmilləşdirilmiş ”Mühəndisliyin fəlsəfəsi” elmi-fəlsəfi traktatı akademik Əhəd Canəhmədovun çoxillik elmi-fəlsəfi düşüncələrinin nəticəsidir, məhsuludur. Bu düşüncələr mühəndislik təfəkkürünün spesifikasını “fəlsəfə xəritəsində” müstəqil və yeni bir sahə kimi, fəlsəfi mövqedən təhlil edir.

Müəllif qeyd edir ki, “mən yaradıram və enerji alıram, deməli, mən mövcudam”. Bəli, budur akademik Əhəd Canəhmədovun yeni modeli, budur alimin yeni fəlsəfi ideologiyası!

Elm müvafiq bilikləri yığıb toplamaq xüsusiyyətinə malikdir. Hər yeni yaranmış nəzəriyyə adətən özündən əvvəl uğurla sübut olunmuş bütün nəzəriyyələri qeyri-tipik hadisə kimi özünə daxil edir. Elm həmin bu nəzəriyyələrin nəticələrinin nə üçün və hansı şəraitdə ədalətli olduğunu izah etməlidir.

Akademik Boris Qusev hesab edir ki, Əhəd Canəhmədovun elmlə cəmiyyətin qarşılıqlı əlaqəsinə həsr edilmiş bu elmi-kütləvi kitabında dərin müdriklik müşahidə olunur və təbii ki, o, bu müdrikliyi öz oxucularına məharətlə və anlaşıqlı tərzdə təqdim edib. Bunu yalnız əsil intellektual edə bilər!

Bu mənada alimin gəldiyi fəlsəfi qənaət inandırıcı tərzdə belə ifadə edir: “Bütün bəşəriyyət mühəndislik fəlsəfəsinin ideya və qənaətlər enerjisindən güc alır”. Alim bu fikirdən çıxış edərək öz kitabında müasir intellektual mütəfəkkir insan obrazı yaradıb.

Geniş dünya şöhrəti qazanmış görkəmli Azərbaycan alimi Əhəd Canəhmədov nadir elm təbliğatçısıdir. O, fövqəladə biliyə və əhatəli həyat təcrübəsinə malik alim kimi, oxucuya dünyanın mənzərəsinin yeni anlamını təklif edir, öz oxucularını insan sirlərinin və imkanlarının açılmasına sövq edir: “Bizim təsəvvür etdiyimiz insan intellekti heç də Platonun bizə göstərdiyi intellekt deyildir. O, ötüb keçən xəyali kölgələri nə müşayiət etməli, nə də geriyə dönüb onlara tamaşa etməməlidir. Onun başqa vəzifəsi vardır. Mənim düşüncəmə görə, insan fəaliyyət göstərməli və özünü fəal olaraq dərk etməlidir, o reallıqla təmasa girməli və onunla yaşamalıdır. Amma bütün bunlar yalnız hərəkətin hansı ölçüdə yerinə yetirilməsi ilə birbaşa bağlı olur. İnsan intellektinin funksiyası məhz elə budur”.

Müəllif müdrik bələdçi kimi öz oxucularını mühəndislik fəlsəfəsində fundamental yer tutmuş və praktik baxımdan az öyrənilmiş elmi-fəlsəfi fikirlər dünyasına aparır və elmi biliklərin kütləviləşdirilməsinə öz töhfəsini verir.

Mövcud fəlsəfi traktatın dili son dərəcə sadə və anlaşıqlıdır. Bu da əsəri geniş oxucu auditoriyası üçün cəzbedici və maraqlı edir. Əminik ki, bu traktat oxucuda dünyanın dərkedilmə imkanını genişləndirəcək və onun hafizəsində uzun müddətli dərin təəssürat həkk edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.