CƏMİYYƏT


Professor Akif Qurbanov: Azərbaycanda istifadə edilən vaksinlər “delta” ştamına qarşı effektivdir

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 çeşid peyvənddən istifadə edilir. Bunlar “SinoVac”, “AstraZeneca”, “Pfizer”, “Sputnik V” vaksinləridir. Peyvəndlərin hər biri Azərbaycanda da aşkarlanan “delta” ştamına qarşı effektivdir. Ona görə, bütün vətəndaşların vaksinasiyadan keçməsi məsləhətdir.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor vurğulayıb ki, virusun yeni yarana biləcək istənilən ştamlarından qorunmaq üçün peyvənd vurdurmaq yeganə çıxış yoludur: “Mikroorqanizmlər orqanizmə daxil olanda və COVID-19 əleyhinə vaksinasiyadan sonra bədəndə virusa qarşı anticisimlər yaranmağa başlayır. Anticisimlər gələcəkdə virusları neytrallaşdırır. Beləliklə, vətəndaş ya xəstəliyə yoluxmur, ya da yüngül keçirir. Məhz vaksinasiya nəticəsində əmələ gələn anticisimlər mikroorqanizmləri məhv etdiyinə görə, vətəndaşlar peyvənd vurdurmaqdan çəkinməməlidirlər. Onu da qeyd edim ki, gələcəkdə əmələ gələcək yeni mutantlara qarşı hansı peyvəndlərin effektiv olacağı barədə məlumat yoxdur”.

A.Qurbanov vətəndaşları narahat edən 3-cü doza barədə də fikrini bildirib: “Doğrudur ki, vətəndaşlar arasında 3-cü doza vaksin məsələsi müəyyən çaşqınlıq yaradıb. Qeyd edim ki, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara 3-cü doza vaksin vurulması məqsədəuyğundur. Tibb işçiləri, yaşı 60-dan yuxarı olanlar, o cümlədən autoimmun xəstəlikləri olan şəxslər risk qrupuna daxildirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.