SİYASƏT
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
Ankara, 20 aprel, AZƏRTAC
Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında yazdığı əsərlər uzun zaman kəsiyini əhatə edən əsaslı araşdırma olmaqla bərabər, nadir yaradıcılıq üslubunun ortaya qoyduğu yüksək nəticədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver Ankarada təqdimatı keçirilən “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyi ilə bağlı fikir və mülahizələrini bölüşərkən bildirib.
Professor Akkan Suver deyib: “Mən ümummilli lider Heydər Əliyevlə şəxsən dəfələrlə görüşmüşəm. Buna baxmayaraq, əminliklə qeyd edə bilərəm ki, Elmira Axundovanın yazdığı əsərlərdən daim bəhrələnmişəm, hər dəfə bu kitabları oxuyanda yeni bir mövzu tapmışam. Sevinirəm ki, bu vaxta qədər Azərbaycan dilində oxuduğum bu kitabları, bundan sonra türk dilində də mütaliə edə biləcəyəm. Heç şübhəsiz ki, yüksək poliqrafiya və mükəmməl tərcümə ilə Türkiyə ictimaiyyətinə təqdim olunan bu əsərlər ən qısa zamanda geniş oxucu auditoriyasının müzakirəsində olacaq”.
Professor bildirib ki, Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyev ideyalarını mənimsəmək üçün, ilk növbədə, Ulu Öndərin yüksək insani keyfiyyətlərini, həyata aydın baxışlarını, humanist arzularının əsaslarını öyrənmək lazımdır. Əminəm ki, təqdim olunan əsərlər məhz bu cəhətləri insanlara çatdırdığı üçün türkdilli oxucular tərəfindən seviləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara