ELM VƏ TƏHSİL


Professor Aleksandr Barmak ADMİU-nun buraxılış imtahanlarında komissiya sədri kimi iştirak edib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycanda ilk dəfə Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsində keçirilən bakalavriat səviyyəsi üzrə buraxılış imtahanlarında iştirak etmək üçün Dövlət Attestasiya Komissiyasının sədri qismində Rusiya Dövlət Teatr Sənəti İnstitutunun professoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Aleksandr Barmak dəvət olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Azərbaycanda profil üzrə yeganə ali təhsil ocağıdır ki, Rusiya Dövlət Teatr Sənəti İnstitutu ilə əməkdaşlıq müqaviləsi var. Müqavilədə nəzərdə tutulan məsələlərdən biri də iki ali məktəb arasında yaradıcılıq mübadiləsinin təşkilidir. Professor Aleksandr Barmakın komissiya sədri kimi ADMİU-nun buraxılış imtahanlarında iştirak etmək üçün dəvət olunması da müqavilədə nəzərdə tutulan əməkdaşlıq çərçivəsində baş tutub.

Aleksandr Barmak teatr təhsili sahəsində zəngin təcrübəyə malik mütəxəssislərdəndir. Rusiya Dövlət Teatr Sənəti İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olan sənətşünaslıq doktoru, professor A.Barmak Musiqili teatr rejissoru və aktyoru kafedrasının müəllimidir. 1993-cü ildən Musiqili teatr fakültəsində Yaradıcı emalatxananın bədii rəhbəri kimi fəaliyyət göstərir. Moskva və digər şəhərlərdə yerləşən teatrlarda bir çox tamaşalara quruluş verib. Rejissor və pedaqoq kimi fəaliyyəti ilə yanaşı, teatr tarixinə, nəzəriyyəsinə, aktyor və rejissor sənətinə dair elmi kitabların və məqalələrin müəllifidir.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, Teatr sənəti fakültəsində keçirilən bakalavriat səviyyəsi üzrə buraxılış yekun imtahanlarında aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin “Blondi” (D.Boqoslavski), “Skapenin kələkləri” (J.B.Molyer), “Solğun çiçəklər” (C.Cabbarlı), “Qulluqçular” (J.Jene), “Bremen musiqiçiləri” (Y.Entin və V.Livanov), “Evlənmə” (N.V.Qoqol) tamaşaları Dövlət Attestasiya Komissiyasına təqdim edilib. İmtahan proqramı çərçivəsində, həmçinin Rejissorluq ixtisası üzrə təhsil alan tələbələrin təqdimatında Ə.Haqverdiyevin “Kimdir müqəssir?” (rejissor - Səməd Abbasov), J.P.Sartrın “Dəfn edilməmiş ölülər” (rejissor - Ümid Abbaszadə), G.Fiqeyredonun “Ezop” (rejissor - Mir Qabil Əkbərov), J.Koktonun “Tənha qadın” (rejissor - Əlisahib Cəlilov), S.Rüstəmin “Çimnaz xanım yuxudadır” (rejissor - Cahandar Cəfərli), A.Korovkinanın “Seç” (rejissor - Bella Klimaşeva), A.Krımın “Hiyləgər şorgözün vəsiyyəti” (rejissor - Fəridə Nesterenko) A. de Sent-Ekzüperinin “Balaca şahzadə” (rejissor - Yuri Omelçenko) əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş olunub.

Tamaşaların əksəriyyəti universitetin, bir qismi isə Akademik Rus Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının və Sumqayıt Dövlət Dram Teatrının səhnəsində oynanılıb. A.Barmak bir çox tamaşalara baxıb və müzakirələrdə fəal iştirak edərək, rejissor yozumunu, aktyor ifasını təhlil edib, qeyd və iradlarını bildirib, tələbələrə tövsiyələr verib.

Professor A.Barmak bütövlükdə ADMİU-nun tələbələrinin hazırlıq səviyyəsinin qənaətbəxş olduğunu, bu ali təhsil ocağında çox istedadlı və böyük yaradıcı potensiala malik tələbələrin təhsil aldığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.