ELM VƏ TƏHSİL


Professor Əli Əmirli: Son on ildə mədəniyyətimizin inkişafında və beynəlxalq miqyasda təbliğində məqsədyönlü addımlar atılıb

Bakı, 4 avqust, AZƏRTAC

Son on ildə Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilib, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu istiqamətdə məqsədyönlü addımlar atılıb.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedra müdiri, Əməkdar incəsənət xadimi professor Əli Əmirli söyləyib. Professor bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəni irsimizə diqqət və qayğısı sayəsində muğam sənəti, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq, Azərbaycan kəlağayı sənəti və s. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bakının ən gözəl guşələrindən birində orijinal memarlıq incisi olan Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi milli musiqi sənətimizin təkrarsız sərvəti olan muğama dövlət səviyyəsində diqqət və qayğının nəticəsidir. Muğamın və muğam ifaçılığının məhz Azərbaycanda ən yüksək inkişaf səviyyəsinə çatdığının bariz göstəricisidir.

Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çap etdirilməsi o dövr üçün çox böyük əhəmiyyəti olan hadisə idi. Bu, elə bir dövr idi ki, ölkənin maddi imkanları bir o qədər də geniş deyildi, amma Prezident məsələnin nə qədər vacib olduğunu bildiyindən bu qərarı qəbul etmişdi. 2019-cu ildə ölkənin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Prezident İlham Əliyev bu məsələni belə xatırlayır: “Yadımdadır, elə ilk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”.

Müsahibimiz vurğulayıb ki, dövlətimiz tərəfindən yaradıcı təşkilatlara - Azərbaycan Rəssamlar İttifaqı, Yazıçılar Birliyi, Teatr Xadimləri İttifaqı və Bəstəkarlar İttifaqına hər zaman böyük diqqət və qayğı ilə yanaşılıb. Məhz son on ildə ölkənin əsas teatrlarına göstərilən diqqət milli teatrın inkişafına stimul verib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında aparılan əsaslı təmir işləri, onların bəzilərinin yenidən qurulması, bərpası göz önündədir. Eyni zamanda, bölgələrimizdə teatr binalarının bir çoxu yenidən tikilərək istifadəyə verilib, yeni teatrlar yaradılıb.

Xatırladaq ki, Bakı bir neçə il beynəlxalq teatr konfranslarına ev sahibliyi edib. Bu beynəlxalq tədbirlər Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilib. Dövlət proqramı milli teatrımızın 10 illik inkişaf proqramını nəzərdə tuturdu və bu mühüm sənədin teatrlarımızın ciddi islahatlara getməsində, yaradıcılıq potensiallarının müəyyənləşdirilməsində böyük əhəmiyyəti oldu. Hər bir möhtəşəm mədəniyyət, idman, musiqi və digər beynəlxalq tədbir son nəticədə həm də ölkəmizi dünyaya tanıdır.

Son on ildə Azərbaycan teatrında yeni forma və məzmun axtarışları və onların parlaq nəticələri özünü göstərir. Bu gün Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişaf istiqamətlərini müəyyənləşdirən sənət adamlarının əksəriyyəti məhz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunlarıdır. Dövlətimizin diqqət və qayğısı sayəsində universitetin binası yüksək səviyyədə əsaslı təmir edilib, təhsil bazası müasir texniki avadanlıqlarla tam təchiz olunub. 2017-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub.

Professor qeyd edib ki, Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş böyük şəxsiyyətlərin, klassiklərimizin yubileylərinin Prezident İlham Əliyevin xüsusi sərəncamları ilə qeyd olunmasını xalqımız böyük minnətdarlıq hissi ilə qarşılayır. Dövlət başçısının müvafiq sərəncamları ilə ölkəmizdə 2020-ci ilin “Nəsimi İli”, 2021-ci ilin isə “Nizami Gəncəvi İli” elan edilməsi, böyük mütəfəkkirlərimizin yubileylərinin dövlət səviyyəsində keçirilməsi qüdrətli söz və fikir ustadlarına verilən qiymətin təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin inkişafı - yeni muzeylərin açılması, mədəniyyət mərkəzlərinin yaradılması, müqəddəs ocaqların, tarixi-mədəni abidələrin, məscidlərin əsaslı təmiri və bərpası, möhtəşəm Heydər məscid kompleksinin inşa edilməsi çox böyük əhəmiyyət kəsb edir.

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqımıza ən böyük hədiyyəsi mədəniyyətimizin beşiyi olan füsunkar Şuşanın düşmən tapdağından azad edilməsi və o gözəl məkanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi oldu. Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının keçirilməsindən hər birimiz qürur duyuruq. Bu musiqi bayramı çoxmillətli Azərbaycan mədəniyyətinin, incəsənətinin, nəhayət haqqın-ədalətin şər qüvvələr üzərində möhtəşəm Qələbəsinin təntənəli nümayişinə çevrildi.

Festivalın açılışında çıxış edən Prezident İlham Əliyev fikrini bu cümlələrlə yekunlaşdırdı: ”İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”.

Bu gün hər bir Azərbaycan vətəndaşı kimi mədəniyyət nümayəndələri də Prezident İlham Əliyevin müdrik və qətiyyətli sərkərdəliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Qələbədən qürur duyur. Bu qəhrəmanlıq müharibəsi, möhtəşəm şanlı Qələbə mədəniyyət və incəsənət nümayəndələrinə yeni-yeni ideyalar, mövzular verəcək, tarixi Zəfərimizə layiq əsərlər yaranacaq”, - deyə Əli Əmirli bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.