ELM VƏ TƏHSİL
Professor Əli Zalov: Bu seçkidə Türkiyə və Türk dünyası qazandı

Bakı, 30 may, AZƏRTAC
Türkiyədə prezident seçkilərinin 2-ci turunda Rəcəb Tayyib Ərdoğan 52.14 faiz səslə qalib gəldi. Bu qələbə türk xalqının Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirilməlidir. Onun liderliyi ilə növbəti illərdə də qüdrətli dünya dövləti kimi Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov söyləyib. O bildirib ki, Türkiyə vətəndaşlarının 85 faizinin seçkilərdə fəal iştirak etməsi ölkənin seçki sisteminin şəffaflığının göstəricisidir. Türkiyənin 2003-cü ildən bu günə kimi istehsalatdan yatırıma qədər böyük inkişafa nail olması, Rəcəb Tayyib Ərdoğanın aparmış olduğu düzgün siyasətin nəticəsidir. Onun strateji qərarları Türkiyəni dünya miqyasında aparıcı dövlətlərdən birinə çevirib. Hələ 2003-cü ildən əvvəl Türkiyədə yaranmış xəstəxana, yol, su, qaz və s. bu cür problemləri iqtidara gəldiyi müddətdə həll etməsi isə Türkiyəyə nüfuz qazandırıb. Kamal Kılıçdaroğlunun Azərbaycanı Türk dünyasının iqtisadi yol xəritəsindən kənarda saxlaması onun Qərbin apardığı siyasi xətlə getdiyini açıq-aşkar göstərirdi. Ərdoğanın yenidən Türkiyənin prezidenti seçilməsi Kamal Kılıçdaroğlu ilə yanaşı, onu dəstəkləyən imperialist düşüncəli Qərb media nəhənglərini də məyus etdi. Daim Qərbin himayəsinə sığınan aciz Ermənistan, onu təmsil edən politoloqlar “Türkiyənin hazırkı Prezidenti Ərdoğanın seçkilərdə qalib gəlməsi... Ermənistan üçün də çox təhlükəlidir” deyirlər.
“Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin 2-ci turunda qazandığı parlaq qələbə Türkiyə dövləti, qardaş türk xalqı və bütün Türk dünyası üçün uğurlu olacaq. Seçkiləri diqqətlə izləyən Prezident İlham Əliyev və Azərbaycan xalqı bu qələbəyə inanırdı. Təsadüfi deyil ki, hələ ilk turun nəticələrindən dərhal sonra Prezident İlham Əliyev Prezident Ərdoğana zəng edərək birinci təbrik etmişdi. 2-ci turun nəticələri elan olunandan az müddət sonra Azərbaycan Prezidenti İlham Əliyev qardaş dediyi, arxa-dayaq bildiyi Ərdoğanı qələbə münasibətilə yenə təbrik etdi. Ərdoğan bunu İstanbulda xalq qarşısında çıxışında elan etdi.
Ərdoğanı ilk təbrik edən dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyev olması bizim çox güclü qardaşlıq əlaqələrimizin olmasından xəbər verir. Azərbaycan və Türkiyə liderlərinin münasibətləri, eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin inkişafına bilavasitə təsir göstərir. Bu qələbə Türk dünyasının dövlətlərini daha da möhkəmləndirəcək, birləşdirəcək və yeni zəfərlər fəth etməsi üçün zəmin olacaq. İnanıram ki, türk xalqının ağıla, düşüncəyə söykənən bu seçkilərinin nəticələri Türkiyə üçün hüzura, rifaha, sülhə yardımçı olmaqla yanaşı, bu coğrafiyaya başda Azərbaycan olmaqla, Türk dövlətlərinə hüzur gətirəcək. Güclü Türkiyə regiondakı problemlərin ədalətli həllinə həmişəki kimi dəstək olacaq”, - deyə Ə.Zalov fikrini yekunlaşdırıb.