Professor Əsgər Zeynalovun kitabı Avstraliyada nəşr olunub
AzerTAg.az
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dili və mədəniyyəti mərkəzinin müdiri professor Əsgər Zeynalovun “İki dahi” monoqrafiyası Avstraliyanın Adelaide şəhərindəki “Digital Prent Australia” nəşriyyatında çapdan çıxıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, kitabı Azərbaycan dilindən ingilis dilinə dosent Fialə Abdullayeva tərcümə edib. Alimin “İki dahi” əsəri onun bütün yaradıcılığında olduğu kimi, Şərq, türk və azərbaycançılıq təəssübkeşliyi ilə qələmə alınıb. Kitabın mühüm bir hissəsi Azərbaycanla bağlıdır. Monoqrafiyada Volter yaradıcılığının Şərq qaynaqlarına münasibəti bildirilib. Fransız ədibinin 1756-cı ildə qələmə aldığı “Millətlərin adətləri və düşüncə tərzi haqqında esse” əsəri əsasında onun hind, türk, orta əsr ərəb mədəniyyətinə baxışı geniş surətdə tədqiq edilib.
“İki dahi” əsərində V.Hüqonun poeziyası, “Paris Notr–Dam kilsəsi”, “Səfillər” romanları ətraflı şəkildə araşdırılıb. “Hüqonun müasirləri” bölməsində Balzak, Düma (ata), Jorj Sand, Qobino, Flober, Mopassan haqqında oçerklər xüsusi maraq kəsb edir. Hüqonun İslam dinini qəbul etməsi məsələsi də maraqlı səhifələrdəndir.
Monoqrafiyada azərbaycanlı ədəbiyyatşünas haqqında diqqət çəkən məlumatların əks olunduğunu qeyd etmək lazım gəlir. Əsərdə professorun 40-ə qədər kitabın, 400-dən artıq elmi-publisistik məqalənin müəllifi, Rusiya, ABŞ, Fransa, Almaniya, İngiltərə, Kanada, Hindistan və İsveçdə kitablarının, Rusiya, Türkiyə, İran, Serbiya və Çində məqalələrinin nəşr olunması, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının və Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmlər Akademiyasının akademiki olması əks olunub.
“İki dahi” əsəri professor Əsgər Zeynalovun xarici ölkələrdə nəşr olunmuş 12-ci kitabıdır.


Xəbərin mətnində orfoqrafik səhv var