ELM VƏ TƏHSİL


Professor Asif Hacıyev Rusiyada beynəlxalq elmi-pedaqoji tədbirlərdə iştirak edib

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Universitetinin professoru Asif Hacıyev Moskvada keçirilən “Sivilizasiyaların dialoqu və mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda beynəlxalq elmi-praktik seminarda iştirak edib.

AZƏRTAC xəbər verir ki, Moskva Pedaqoji Dövlət Universitetinin və Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin təşkilatçılığı, Rusiya Elm və Təhsil Nazirliyinin və digər rəsmi təşkilatların dəstəyi ilə keçirilən bu ənənəvi seminarın “Təhsil və dialoq sülh və insan naminə” mövzusuna həsr olunmuş builki toplantısında Asif Hacıyev “Azərbaycan Respublikasında rusdilli təhsil onlayn tədris şəraitində” mövzusunda məruzə ilə çıxış edib.

Professor Asif Hacıyev çıxışında ölkəmizdə yaşayan xalqların dilinə və mədəniyyətinə olan tolerant münasibətdən danışıb, rus dilinin ölkəmizin ictimai həyatında geniş işləndiyini, rusdilli mətbuatın, mədəniyyət ocaqlarının, elm və təhsil müəssisələrinin inkişafda olduğunu, rus dilində orta və ali təhsilin dövlət büdcəsindən maliyyələşdirildiyini bildirib, kütləviliyini konkret faktlar və statistik göstəricilərlə seminar iştirakçılarının diqqətinə çatdırıb. Rusdilli təhsilin inkişafında xalqlarımızın dostluğunun və dövlətlərarası əməkdaşlığın rolunu qeyd edən Asif Hacıyev bu prosesin Azərbaycanın dövlət maraqlarına, milli mənafeyə və şagirdlərin etnik mentalitetinə uyğun aparıldığını və bununla da ölkədə ictimai həmrəyliyin və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə xidmət etdiyini göstərib.

Asif Hacıyev son dövrdə pandemiya ilə əlaqədar onlayn tədris və virtual vasitələrdən istifadə ilə bağlı respublikamızdakı müsbət təcrübə və qarşıda duran vəzifələr barədə mülahizələrini bölüşüb, bu sahədə müştərək müəllif kollektivlərinin və elektron resursların, interaktiv vəsaitlərin yaradılmasını, intellektual oyun elementlərindən istifadə etməklə cəlbedici metodikanın işlənməsini, müştərək təhsil şəbəkəsinin formalaşdırılmasını təklif edib. Asif Hacıyevin ölkəmizdəki rusdilli təhsil haqqında analitik məlumatı MDB məkanında nümunəvi vəziyyət kimi seminar iştirakçılarında dərin maraq və razılıq doğurub. Sonda azərbaycanlı alim sualları cavablandırıb.

Qeyd edək ki, bir müddət əvvəl professor Asif Hacıyevin Moskva Pedaqoji Dövlət Universitetinin müəllimləri, tələbə və doktorantları üçün oxuduğu “Rus şəbəkə ədəbiyyatının tarixi, tipologiyası və poetikası (Azərbaycan şəbəkə ədəbiyyatı ilə müqayisədə)” mövzusunda onlayn mühazirəsi ilə həmin ali məktəbin beynəlxalq maarifçi lektoriyasına start verilib. Onun Moskvada nüfuzlu “Etnodialoqlar” jurnalında bu mövzuda geniş məqaləsi və rus şəbəkə ədəbiyyatına dair Rusiya ali məktəbləri üçün xüsusi dərsliyi çap olunub.

Konfrans çərçivəsində professor Asif Hacıyev həmtəsisçisi və Koordinasiya Şurasının üzvü olduğu, onlarla ölkədən tanınmış mütəxəssisləri birləşdirən Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin təşkilati yığıncağında və hesabat-seçki toplantısında iştirak edib və yenidən bu nüfuzlu təşkilatın beynəlxalq Koordinasiya Şurasının üzvü seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.