SİYASƏT
Professor Aygün Attar: Senatın məlum qərarı Fransanın siyasi tarixinə qara ləkədir VİDEO
Ankara, 28 noyabr, AZƏRTAC
Fransa Senatının Qarabağla bağlı qəbul etdiyi “sənəd” bütün beynəlxalq hüquqa zidd, siyasi münasibətlərə zərərli, Avropanın özündə də ciddi mübahisələr yaradan və Fransanın ATƏT-in Minsk qrupunda qərəzli mövqeyə sahib həmsədr olduğunu göstərən qətnamədir. Lakin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu elə bir zəfər qazanıb ki, heç bir ədalətsiz qərar və qətnamə onun nəticəsini dəyişə bilməz.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) sədri, professor Aygün Attar ifadə edib.
Fransa Prezidenti Makronun BMT-nin məlum qətnamələrinə əsasən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu ifadə etdiyini xatırladan professor Aygün Attar deyib: “Senat Fransanın siyasi tarixinə qara ləkə olan bir qərar qəbul edib”.
Azərbaycanın Senatın məlum qərarına etirazını yüksək dəyərləndirən, öz növbəsində rəhbərlik etdiyi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun da bu istiqamətdə əhəmiyyətli addımlar atdığını diqqətə çatdıran TADƏHF-in sədri deyib: “Senatın bu ədalətsiz qərarı Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılmasına əsas verir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara