Professor Bülənt Altun: azərbaycanlı tələbələrin dərslərə məsuliyyəti bizi çox sevindirir
AzerTAg.az
Ankara, 10 dekabr, AZƏRTAC
Universitetimizdə tibb üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələr çoxdur, onların dərslərə məsuliyyətli yanaşması bizi çox sevindirir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə paytaxtında keçirilən “Nümunəvi həkim olmağa doğru” VI Ankara Tibb Forumunun nəticələrini dəyərləndirən Hacettepe Universitetinin dekanı, professor Bülənt Altun ifadə edib.
Azərbaycanda səhiyyə sahəsində əldə olunan böyük nailiyyətlər barədə geniş bilgisi olduğunu vurğulayan professor B.Altun deyib: “Yeni xəstəxanaların inşası, ən müasir tibbi avadanlıqlarla təchiz olunması müstəqil Azərbaycan dövləti üçün misli bərabəri olmayan milli sərvətdir. Bütün bu uğurlardan qürur duyuruq. Ankarada təşkil olunan ənənəvi forumların da məqsədi Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir. Forum açıq fikir mübadiləsi auditoriyasıdır. Burada tibbi təhsil, bu sahədə elmin dərinliklərini yiyələnən gənclərin gələcək həyatı və s. məsələlər müzakirə olundu. Türkiyə olaraq maraqlıyıq ki, bizim ölkədə, o cümlədən universitetimizdə təhsil alan azərbaycanlı tələbələr imkan daxilində ölkələrinə qayıdıb ilk növbədə öz xalqlarına fayda versinlər”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbərin mətnində orfoqrafik səhv var