CƏMİYYƏT


Professor Elçin Ağayev: Əməliyyatın müvəffəqiyyətlə nəticələnməsi universitetin böyük uğurudur

Bakı, 17 noyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 90 yaşlı xəstənin mədəsində uğurlu əməliyyat icra olunub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə məlumat verən ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayevin sözlərinə görə, xəstə müxtəlif klinikalarda müayinələrdən keçib. Lakin xəstənin yaşının çox olması, ümumi vəziyyətinin ağırlığı və yüksək risk təbəqəsinə daxil olması səbəbindən onun üzərində radikal əməliyyatın icrasından imtina edilib. Xəstənin problem mədənin kordial hissəsinin qida borusuna və mədəaltı vəziyə sirayət edən və ətraf limfa düyünlərinə yayılan bədxassəli şişidir.

Həkim deyib: “Düzünü deyim ki, nə öz, nə də həmkarlarımın təcrübəsində 90 yaşlı, ağır vəziyyətdə olan bir xəstəyə total qastroektomiya əməliyyatı aparılmasının şahidi olmamışdım. Bu xəstədə mədə, qida borusunun qarın hissəsi, böyük piylik, mədəaltı vəzin cisminin bir hissəsi və ətraf limfa düyünləri bir blok daxilində götürülərək, nazik bağırsaqla qida borusu arasında həlqəvi stepler anasomozu qoyulub. Düzdür, bu tipli əməliyyatlara cərrahi praktikada təsadüf edilir. Bunu həm bizim və həm də digər klinikaların təcrübəli cərrahları icra edirlər. Lakin 90 yaşlı, yanaşı bir sıra xəstəlikləri olan ağır xəstədə bu əməliyyatın müvəffəqiyyətlə nəticələnməsi bizim və universitetin böyük uğurudur. Adətən ahıl yaşlı, vəziyyəti ağır olan belə xəstələrdə bu tip mürəkkəb və ağır radikal əməliyyatların aparılmasından çəkinilir və xəstəyə qidalandırmaq məqsədilə palliativ qastrostomiya əməliyyatı icra olunur. Bu da psixoloji cəhətdən xəstə və yaxınları üçün olduqca ağır vəziyyətin yaranmasına gətirir.

Bu xəstə üçün kafedra əməkdaşlarının iştirakı ilə konsilium keçirərək əməliyyatın icrasına qərar verildi. 3 saat davam edən əməliyyatdan sonrakı 3-cü sutkadan etibarən xəstə qidalandırılmağa başlanılıb, 6-cı sutkada kafi vəziyyətdə ambulator müşahidəyə göndərilib. Xəstə hazırda özünü yaxşı hiss edir”.

Klinika barədə məlumat verən həkim qeyd edib ki, ümumi cərrahiyyə kafedrası ATU-nun ən böyük kafedralarından biridir. Bu kafedra əməkdaşlarının kliniki fəaliyyəti ATU-nun Tədris Cərrahiyyə Klinikasında həyata keçirilir: “Bura Qafqazda analoqu olmayan bir klinikadır. Respublikamızın ən müasir avadanlıqlarla təchiz olunmuş klinikalarından biridir. Son 6-7 ay ərzində təxminən 20-yə yaxın xəstə digər klinikalardan ağırlaşmış vəziyyətdə bizim kafedraya gətirilib, tərəfimizdən əməliyyat olunaraq kafi vəziyyətdə evə yazılıb. Şöbədə xüsusilə qarın və döş boşluğu orqanlarının cərrahi patologiyaları ilə bağlı mürəkkəb əməliyyatlar icra olunur. Əməliyyatların böyük əksəriyyəti ən müasir endoskopik qurğularla həyata keçirilir. Bunlardan qaraciyər-öd yolları, mədə, nazik və yoğun bağırsaqlarda, dalaqda, ginekoloji orqanlarda aparılan təcili və planlı laparoskopik əməliyyatları qeyd etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.