CƏMİYYƏT
Professor Eldar Quliyevin qida təhlükəsizliyindən bəhs edən növbəti monoqrafiyasının təqdimatı olub
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri professor Eldar Quliyevin müəllifi olduğu “Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən təqdimatda Azərbaycan elminin tanınmış nümayəndələri, deputatlar, rektorlar və ziyalılar iştirak ediblər.
Əvvəlcə tədbirin moderatoru, monoqrafiyanın elmi redaktoru, Əməkdar elm xadimi, professor Bəyalı Ataşov elmi əsər barədə ətraflı məlumat verib. Bildirilib ki, monoqrafiyada qlobal çağırışlar şəraitində qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri üzrə elmi yanaşmalar, baxışlar, mülahizələr, polemika xarakterli tədqiqat materialları verilib. Həmçinin qida təhlükəsizliyinin gücləndirilməsində “istehsal-istehlak” zənciri həlqələrində səmərəlilik problemləri, insan həyatı və sağlamlığı üçün təhlükə törətməyən mühüm qida məhsullarının istehsalının genişləndirilməsi və ehtiyatlarının yaradılması məsələləri araşdırılıb. Kitabda qlobal qida bazarlarının inkişaf səviyyəsi qiymətləndirilib, dünya əhalisinin ekoloji təmiz qida ilə təminatı zərurəti və bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri təhlil olunub. Eyni zamanda, Azərbaycanda qida təhlükəsizliyinin gücləndirilməsi problemləri üzrə dövlət siyasətinin əsas elementlərinə, 2050-ci ilədək dövr üçün mühüm qida məhsulları istehsalının proqnozlaşdırılmasına və qida təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərinə xüsusi diqqət yetirilib.
Sonra deputatlardan akademik Ziyad Səmədzadə, professor Eldar İbrahimov, AMEA-nın müxbir üzvləri Əli Nuriyev, Akif Musayev, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və digər alimlər çıxış edərək, təqdim olunan elmi əsərin əhəmiyyətindən danışıblar.