ELM VƏ TƏHSİL


Professor Fərrux Rüstəmov: Azərbaycan regional güc mərkəzinə çevrilib

Professor Fərrux Rüstəmov: Azərbaycan regional güc mərkəzinə çevrilib

Bakı, 24 dekabr, Xatirə Cəfərova, AZƏRTAC

44 günlük Vətən müharibəsində Azərbaycanı dünyada qalib ölkəyə, söz və nüfuz sahibinə çevirən Prezident İlham Əliyev dünya azərbaycanlılarının və türk dünyasının qəhrəmanına çevrildi. Onun uzun illər ərzində həyata keçirdiyi müdrik və düşünülmüş xarici siyasəti bu qələbələr üçün zəmin yaratdı. Ali Baş Komandanı olduğu müzəffər Azərbaycan Ordusunun zabit və əsgərləri Qarabağda tarix yazdı, Ermənistan ordusunun işğal etdikləri ərazilərimizdən dərhal çıxması ilə bağlı kağız üzərində qalan BMT qətnamələrini yerinə yetirdi. Millətimizin Məkkəsinə, Kəbəsinə çevrilən Şuşa şəhərini düşməndən azad etdi. Ulu Öndər Heydər Əliyev deyirdi ki, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Prezident XXI əsrdə torpaqlarını işğaldan azad edən ilk dövlət başçısı kimi tarix yaratdı və adını tarixə yazdı. Azərbaycanı regional güc mərkəzinə çevirdi. Cənubi Qafqazda yeni geosiyasi reallıq və nəqliyyat-logistika imkanları yarandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov deyib.

F.Rüstəmov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə multikultural və bəşəri dəyərlərə sadiq Azərbaycan bu gün işğaldan azad etdiyi torpaqlarında erməni vəhşiliyinin acı nəticələrini aradan qaldırır, möhtəşəm infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri reallaşdırır. Qarabağda min kilometrlərlə ölçülən müasir yolların çəkilməsi, məscidlərin, məktəblərin yenidən inşa və bərpası, Ağalı kəndində həyatın yenidən canlanması, Füzuli və Zəngilan beynəlxalq aeroportlarının istifadəyə verilməsi, Şuşada təmir-bərpa işlərinin sürətlə aparılması onu göstərir ki, çox yaxın gələcəkdə Qarabağ Azərbaycanın incisinə çevriləcək, Böyük Qayıdış təmin ediləcək. Bununla da, Qarabağ torpağına onun tarixi gözəlliyi və mənəvi-psixoloji ruhu qayıdacaq.

Ölkə Prezidentinin müdrikliklə və uzaqgörənliklə həyata keçirdiyi konstruktiv və praqmatik siyasət nəticəsində türk dövlətləri ilə əməkdaşlıq genişlənib, dost ölkələrlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri möhkəmlənib. Prezident İlham Əliyev Vətənin hüquqi və siyasi xəritəsindən kənarda qalan əzəli torpaqlarımızda yaşayan azərbaycanlıların haqq səsinə çevrilib, onların hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını dünyaya bəyan edib.

Dünyanın aparıcı dövlətləri və şirkətləri ilə bağladığı əməkdaşlıq müqavilələri Azərbaycanda iqtisadi artımın müsbət dinamikası və investisiya mühitinin yaxşılaşmasını, beynəlxalq əlaqələrin və əməkdaşlığın genişlənməsini təmin edib. Bunun da nəticəsində sənaye, energetika, nəqliyyat və digər sahələrdə iri layihələr uğurla həyata keçirilib. Ölkədə həyata keçirilən səmərəli iqtisadi islahatlar müasir dövrün mürəkkəb çağırışları şəraitində milli inkişaf potensialını dinamik şəkildə reallaşdırıb, dövlətimizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə möhkəmləndirib və xalqımızın rifahını yaxşılaşdırıb. Bu gün Avropanın qaz təchizatını təmin edən Cənub Qaz Dəhlizi, TANAP, TAP və bu layihələrin davamı olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan uğurlu layihələrdəndir.

Prezident İlham Əliyevin həyatı, strateji baxışları və həyata keçirdiyi tədbirlər xalqa sədaqət nümunəsidir. Bu səbəbdən də həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda yaşayan azərbaycanlılar Prezidentə həmişə olduğu kimi, ad günündə də dəstək və həmrəylik nümayiş etdirir, sonsuz məhəbbət, dərin etimad bəsləyir və minnətdarlıqlarını ifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.